BMT-nin saytında Azərbaycandakı mina problemi barədə bəyanat yerləşdirilib

0
244

BMT İnsan Hüquqları Şurasının (UNHRC) rəsmi saytında Cenevrədə yerləşən Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitutunun (IRDG) bəyanatı yerləşdirilib.

BMT İnsan Hüquqları Şurasının 51-ci sessiyasına təqdim edilən “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad olunmuş torpaqlarında təxribatı” adlı bəyanatda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin tarixi, 30 ilə yaxın müddətdə işğalda qalan Azərbaycan torpaqlarının II Qarabağ müharibəsi dönəmində azad edildiyi, lakin həmin ərazilərin böyük hissəsinin Ermənistan istehsalı olan minalarla çirkləndirilməsi barədə ətraflı məlumat verilib. Ermənistan silahlı qüvvələrinin hətta mədəni-tarixi abidələrə gedən yolların ətrafını minalandığına diqqət cəlb edilib.

Qeyd edilib ki, 44 günlük savaş dönəmində Tərtər, Xaçın, Qarqar və Həkəri çayları vasitəsilə axıdılan təhlükəli minaların, partlayıcı qurğuların Azərbaycanın təkcə müharibədən zərərçəkmiş ərazilərində deyil, cəbhə bölgəsindən uzaq əyalətlərində də aşkarlanıb.

Bəyanatda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətindən bəhs olunub. Nəzərə çatdırılıb ki, ANAMA 2021-ci ildə 10 kvadrat kilometr ərazidə Ermənistan silahlı birləşmələri tərəfindən atılmış 397 ədəd LAR160, 9N235 və digər markalı istifadəsi qadağan olunmuş kaset sursatları, 15 avqust 2022-ci il tarixində isə Laçın rayonunun şərq hissəsindəki Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni birləşmələri tərəfindən basdırılmış 991 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar edib. Həmin ərazilərin əvvəllər təmas xətti deyilən yerlərdən xeyli uzaqda yerləşdiyi vurğulanıb.

IRDG Azərbaycan ərazisində müharibədən qalmış qurğular və minalar, partlamamış hərbi sursatlar və digər vasitələrin əhali üçün yaratdığı təhlükə ilə bağlı dərin narahatlığını bildirib. Bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin dərhal hərəkətə keçməsinin vacib olduğu vurğulanıb. “Çünki insanların ölümə məhkum edilməsi bütün dünyada sülhün olmasına ciddi maneədir”, – deyə qeyd edilib.

İRDG Avropa Birliyini, digər beynəlxalq təşkilatları və donorları minaların təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləməyi, ölkəmizlə birlikdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi uğrunda mübarizə aparmağa çağırıb.