İyulun 10-dan etibarən paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin – bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyiş əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşürlər, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Meydançalara lazımi miqdarda konteynerlər yerləşdirilib, həyət və məhəllələrə cavabdehlər təyin edilib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi – tullantı menecmenti məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə məlumat verib. O deyib: “Tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır. Layihənin icrasının birinci həftəsinin nəticələri uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Hər gün “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantılar orada da araşdırılır”.
Mott MacDonald şirkətinın tullantı menecmenti məsləhətçisi Artur Guasti bildirib ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə buna nail oluna bilinməyib. Lakin sürətlə inkişaf edən Azərbaycanda bu layihənin tətbiqinə nail olacağıq. Birinci həftə ərzində görülən işlərin araşdırılması bunu deməyə əsas verir. Bununla bağlı layihənin həyata keçirilməsində iştirak edənlərə və ilk növbədə, Nərimanov sakinlərinə öz minnətdarlığımızı bildiririk.