Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin göstərişi əsasında Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində videogörüntülardəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyənləşib. Həmin görüntülərin isə 15 iyul 2019-cu il tarixində “28 May” – “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alındığı məlum olub. Metropolitendən istifadə qayudalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək, peşman olduğunu bildirib.
Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 – metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimələnib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.