Azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissəsi fəaliyyətə başlayıb

0
281

İşğaldan azad edilmiş ərazilərdə ötən il Dövlət Sərhəd Xidmətinin (DSX) 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə fevralın 3-də DSX-nin 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.

Müşavirədə bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlayıb, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, IAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə 73,8 kilometr məsafədə yeni yol çəkilib, 121,4 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

Həmçinin 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Nəticədə piyada əleyhinə 947, tank əleyhinə 1195 mina və 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 kilometrlik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb. Bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib.