ÜST: Heç bir ölkə pandemiyaya tam qalib gəldiyini bəyan etməməlidir

0
280

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı ölüm hallarının artması barədə təşviş doğuran xəbərlər alır.

ÜST-nin rəhbəri Tedros Gebreyesus bu fikri Cenevrdə keçirdiyi brifinqdə söyləyib. O, ölkələri arxayınlaşmamağa çağırıb və xatırladıb ki, “omikron” ştamının aşkar edilməsindən keçən son 10 həftə ərzində dünyada 90 milyon nəfər bu virusa yoluxub.

ÜST mütəxəssisləri ölüm hallarının artmasını onunla izah edirlər ki, çoxları bu ştamın təhlükəli olmamasını düşünərək arxayınlaşıblar. Onların fikrincə, peyvənd varsa, artıq ehtiyat tədbirlərinə riayət etmək zəruri deyil.

Tedros Gebreyesus xəbərdarlıq edir: “Heç bir ölkə pandemiyaya tam qalib gəldiyini bəyan etməməlidir. Bu, çox təhlükəli virusdur. Hazırda ÜST “omikron”nun dörd mutasiyasını izləyir”.

Doktor Tedros Gebreyesusun sözlərinə görə, virusun yeni mutasiyalarını izləmək çox vacibdir. O deyib: “Əgər biz virusun özünü necə apardığını bilməsək, ona qarşı necə mübarizə aparmaq lazım olduğunu da bilməyəcəyik. Virus təkamül prosesindədir. Ona görə vaksinlər də dəyişməlidir, çünki hər hansı yeni mutasiya peyvəndlə təmin olunmuş qorunmanı üstələyə bilər”.

ÜST-nin fövqəladə hallar proqramının icraçı direktoru Mayk Rayan deyib: “Hər bir ölkə öz formulunu axtarmalıdır. Başqalarının təcrübəsini, onların strategiyasını öyrənmək olar, lakin onların hərəkətlərini olduğu kimi təkrar etməyə dəyməz”.

Doktor Rayanın sözlərinə görə, əhalini məlumatlandırmaq lazımdır ki məhdudiyyətlərə qayıtmaq onlardan ötrü gözlənilməz olmasın.