Baş nazir MÜHÜM SƏRƏNCAM imzaladı

0
332

Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır

Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2023-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2022-ci il aprelin 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidirlər. “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Maliyyə Nazirliyi 2023-cü ilin və 2026-cı ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi və 2026-cı ilin sonuna hədəflənən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini, 2023-cü il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri (“təhsil”, “kənd təsərrüfatı” və “ətraf mühitin mühafizəsi”) üzrə OMXÇ sənədinin layihəsini, habelə növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi isə Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2022-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər. Dövlət Statistika Komitəsi: – cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2021-ci ilin ilkin statistik məlumatlarını 2022-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir, – növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etməlidir. Maliyyə Nazirliyi: – 2023-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2022-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2022-ci il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini 2022-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməli;

– İqtisadiyyat Nazirliyinin hazırladığı tədiyə balansının proqnozuna dair rəyini 2022-ci il aprel ayının 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondu, Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2022-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il iyulun 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun, Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun, Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondlarının, Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondunun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihəsinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyi ilə razılaşdıraraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb və bələdiyyələrə tövsiyə edilib ki: – İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin təlimat məktublarına uyğun olaraq, 2023-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının layihəsini hazırlamaq üçün müvafiq məlumatları və sənədləri 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etsinlər; – büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə 2023-cü il və sonrakı üç il üçün bütün mövcud və davam etməkdə olan layihələr üzrə baza proqnozlarını və yeni siyasət təşəbbüsləri ilə bağlı sifarişlərini, eləcə də fəaliyyət planlarını Maliyyə Nazirliyinin bu sərəncamın 4.2-ci yarımbəndində göstərilən təlimat məktubuna uyğun olaraq 2022-ci il martın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər; – davam edən layihələrin əsaslı xərclərinə dair məlumatları, həmçinin yüksək prioritetli yeni investisiya təklifləri üçün tələb olunan xərclərin təhlilinə dair məlumatları 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə təqdim etsinlər; – 2023-cü il və sonrakı üç ilin büdcə layihəsi hazırlanarkən Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın tələblərinə əməl etsinlər. Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlar, dövlət büdcəsindən maliyyə yardımı (dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2022-ci il iyulun 1-dək:

– aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları hazırlayıb Maliyyə Nazirliyinə vəİqtisadiyyat Nazirliyinə təqdim etsinlər; – dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etsinlər. – Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi 2023-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 2022-ci il iyunun 1-dək Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim etsinlər. Nazirliklər, komitələr, idarələr və digər büdcə təşkilatları, şəhər və rayon icra hakimiyyəti orqanları, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsini təmin edən publik hüquqi şəxslər və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.12-ci maddəsinə müvafiq olaraq 2023-cü il üçün büdcə xərcləri üzrə (büdcədənkənar vəsaitlər üzrə xərclər də daxil olmaqla) layihələrini Maliyyə Nazirliyi ilə razılaşdıraraq nəticələrini 2022-ci il avqustun 15-dək protokolla rəsmiləşdirməlidirlər. “Büdcə sistemi haqqında” qanunun 11.13-cü maddəsinə müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, dövlət büdcəsindən maliyyələşdirilən büdcə təşkilatları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər hüquqi şəxslər, bələdiyyələr, büdcə və büdcədənkənar dövlət fondları ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsi və icmal büdcənin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, eləcə də büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrini əhatə edən xərclər çərçivəsinin hazırlanması üçün Maliyyə Nazirliyi tərəfindən tələb olunan, habelə növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması üçün İqtisadiyyat Nazirliyi tərəfindən tələb olunan əlavə əsaslandırıcı materialların və hesablamaların təqdim edilməsini təmin etməlidirlər. Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar, nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan digər təşkilatlar, Naxçıvanın Nazirlər Kabineti növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib edərkən bu Sərəncamdan, eləcə də “Büdcə sistemi haqqında” qanundan və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”ndan irəli gələn digər vəzifələri keyfiyyətlə və müəyyən olunmuş icra müddətlərində yerinə yetirilməsini təmin etməlidirlər./