Ukraynada Azərbaycanı tanıdan ilk insan – VİDEO

0
324

Bu il fevralın 6-da Ukrayna ilə Azərbaycan diplomatik əlaqələrinin 30 ili tamam olsa da, iki ölkə arasında müstəqil diplomatik əlaqələrin tarixi kökü 104 il əvvələ gedib çıxır. 

1918-ci ildə Ukrayna Xalq Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyası təsis edilib. Azərbaycanın Ukraynada ilk səfiri isə tanınmış yazıçı, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli olub. 1887-ci ildə Şuşada bəy ailəsində anadan olan, erkən yaşlarından bədii yaradıcılıqla yanaşı, dünya ictimai-ədəbi prosesinə də maraq göstərən Yusif Vəzirin bu bölgə ilə əvvəldən təması nəzərə alınaraq Polşa və Krım üzrə diplomatik missiya da ona həvalə olunur. O, Ukraynada oxuduğu illərdə tələbələrdən ibarət təşkilat yaradıb, bu bölgədə Azərbaycan adına geniş diaspor fəaliyyətinin əsasını qoyub. 

Çəmənzəminli 1919-cu ilin martına – Azərbaycanın Osmanlı İmperiyasında səfiri təyin olunana qədər Şərqi Avropada diplomatik missiyanı davam etdirir. Tələbəlik illərində Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də burada Azərbaycan dilində kitabların nəşri idi. 

O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi heyət təşkil edir. Onlar Azərbaycanın tarixinin yazılması təşəbbüsünü irəli sürür. 

Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olur. Bir sıra nəşrlərin çapına nail olur, ictimai yığıncaqlar təşkil edir. Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavat”ın Kiyev şöbəsini yaradır. Elə bu ərəfədə də yaranan Ukrayna Xalq Respublikasında onun səfir təyinatı gerçəkləşir.

Hazırda Yusif Vəzirin adını daşıyan nəvəsi Yusif Vəzirov Azərbaycan Xarici İşlər Nazirliyində şöbə rəisidir. Babasının diplomatik missiyada yolunu davam etdirir. Nəticəsi Camal Vəzirov isə Kiyevdə vaxtı ilə onun oxuduğu universitetdə eyni fakültədə təhsil alır. Yeri gəlmişkən, bu ilin fevralında Azərbaycanla Ukraynanın diplomatik əlaqələrinin qurulmasının yubiley ildönümündə Yusif Vəzirin Kiyevdə təhsil aldığı ali məktəbdə barelyefinin və adının verildiyi auiditoriyanın açılışı olacaq.

Ətraflı süjeti təqdim edirik: