Məktəbdə dərslər daha gec başlamalıdır – Alimlər

0
317

İsveçrəli tədqiqatçılar qənaətə gəliblər ki, məktəbdə dərslər daha gec başlamalıdır. Ola bilər ki, hətta səhər saat 10-11-dən tez olmayaraq. Bu, şagirdlərin, əsasən də yeniyetmələrin əhvalına və müvəffəqiyyət dərəcəsinə müsbət təsir edəcək.

COVID-19 pandemiyası insanların psixoloji sağlamlığına zərər vurub, ən çox təsirlənən qruplar qocalar və gənclər hesab oluna bilər. Çünki özünütəcrid hər iki qrupdan olan insanları dostlardan, müəllimlərdən və ümumiyyətlə, normal həyatdan ayırıb. Buna baxmayaraq, Sürix universitetindən (İsveçrə) olan alimlər özünütəcridin müsbət tərəflərini müəyyən ediblər: bu, məktəblərin bağlanması ilə əlaqədardır. Tədqiqat “JAMA Network” jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, İsveçrədə yaşayan və 2020-ci ilin mart ayından iyun ayına kimi evdə təhsil alan yeniyetmələr məktəblər bağlanandan əvvəlki müddətlə müqayisədə daha çox yatırdılar. Bu da əhvalın yaxşılaşdırılması üzrə digər göstəricilərlə korrelyasiya olunurdu. Məlum olduğu kimi, yeniyetmələrə uşaqlara nisbətən yuxu üçün daha çox vaxt tələb olunur (bu onların orqanizmində hormonal dəyişikliklərlə əlaqədardır). Tədqiqatçılar müəyyən ediblər ki, gənclər məktəblər açıq olduğu dövrlə müqayisədə gündə təxminən 75 dəqiqə daha çox yatırdılar. Bundan əlavə, onlar kofein və alkoqoldan daha az istifadə edirdilər.

Müqayisəli təhlil göstərdi ki, dərs ili ərzində evdə təhsil alan uşaqlar məktəbə gedən yeniyetmələrlə müqayisədə orta hesabla 90 dəqiqə gec oyanırdılar. Düzdür, onlar həm də təxminən 15 dəqiqə gec yuxuya gedirdilər. Beləliklə, yuxunun “artığı” gündə təxminən 75 dəqiqə təşkil edib. Bu, təbii ki, təcrid olunan məktəblilərin bəzi sağlamlıq göstəricilərinə təsir edib. Baxmayaraq ki, psixoloji göstəricilər bununla belə pisləşmişdi. Belə ki, özünütəcriddə olan yeniyetmələr qəm-qüssədən və tənhalıqdan şikayət edirdilər.Buna görə alimlər belə qənaətə gəliblər ki, pandemiyadan sonra uşaqları evə təhsil almağa göndərməmək, dərsləri isə bu gün adət olunduğundan daha gec başlamaq ən yaxşı variant olardı. Ən azından, söhbət yeniyetmələrdən gedirsə. Bu, nəinki məktəblilərin ümumi səhhətində, həm də müvəffəqiyyət dərəcəsində özünü büruzə verərdi. Məlumdur ki, yuxusunu alan insan daha səmərəli, tez işləyir və oxuyur. Bəzi ekspertlər hətta hesab edirlər ki, yuxarı sinif şagirdləri üçün təlim məşğələlərini səhər 10-11-dən sonra başlamaq daha faydalıdır. İsveçrəli alimlərin tədqiqatı isə bu nöqteyi-nəzəri təsdiq edir.