Azərbaycanda uşaqlar arasında kütləvi virus yayılıb

0
346

“Son günlər uşaqlar arasında yayılan virus adi qrip – “influenza” virusunun A və ya B ştammıdır”.

Bunu açıqlamasında həkim-pediatr Vəfa Hüseynova deyib.

Onun sözlərinə görə, bəziləri bunu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsa da, “influenza”nın A və ya B ştammları tibb elminə neçə illərdir məlumdur və hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.

Həkim qeyd edib ki, bu, koronavirus deyil, bilinən qrip virusudur:

“Valideynlərə tövsiyə edərdim ki, uşaqlar yoluxduğu halda gecikdirmədən həkimə müraciət etsinlər. İlk asqırmada, öskürək, göz sulanması və hər hansı narahatlıq olan kimi həkimə müraciət edilməlidir. Çünki bəzən valideynlər uşaqlarını türkə-çarə üsulu ilə müalicə edib vaxt itirirlər. Bu isə gecikdirilmiş mərhələdə müalicə müddətinin uzanması deməkdir. Əgər erkən mərhələdə həkimə müraciət edilsə, onda həm test vaxtında götürülə, həm də lazımi müayinə-müalicə üsulu həyata keçirilər”.

V.Hüseynova bildirib ki, gecikmiş mərhələdə testin cavabında virusa yoluxma halı müşahidə olunmur:

“Çünki virus yuxarı tənəffüs yollarından aşağı düşəndən sonra pozitiv cavab almaq mümkünsüz olur. Ona görə də erkən mərhələdə həkimə müraciət etmək tövsiyə olunur”.

Həkim-pediatr uşaqların həddindən artıq qapalı mühitdə saxlanılmasının tərəfdarı olmadığını söyləyib:

“Pandemiya dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qalıblar. Sonradan ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yoluxmaların artmasına zəmin yaratdı. Hazırda uşaqların immuniteti çox zəifdir. Açıq havada az vaxt keçirdiklərindən və vitamin az qəbul etdiklərindən valideynlər payız-qış mövsümündə daha diqqətli olmalıdırlar”.