25 məşhur riyaziyyatçı alimdən süni intellektlə bağlı xəbərdarlıq

Filds mükafatına layiq görülmüş 25 riyaziyyatçı alimdən ibarət qrup açıq məktubla çıxış edərək süni intellektin (Sİ) elmdə tətbiqinin yarada biləcəyi mənfi nəticələr barədə xəbərdarlıq edib.

Məktubun mətni “Math and AI” portalı tərəfindən dərc olunub.

Müraciətdə bildirilir:

“Süni intellekt şirkətlərinin səmərəlilik göstəricisi kimi riyazi məsələlərin həllinə can atması riyaziyyat elminə və cəmiyyətinə zərər vurur. Sİ sahəsində fəaliyyət göstərən şirkətlərlə riyaziyyat cəmiyyətinin məqsədləri bir-birindən ciddi şəkildə fərqlənir”.

Qeyd olunur ki, alimlər bu uyğunsuzluğu digər elmi və yaradıcı peşələrə, eləcə də bütövlükdə cəmiyyətə təsir edən daha qlobal problemin tərkib hissəsi kimi qiymətləndirirlər. Tədqiqatçılar əlavə ediblər ki, son aylarda neyroşəbəkələrin mürəkkəb riyazi problemlərin həllindəki uğurları elmi ictimaiyyətin hüdudlarından kənarda da müzakirə mövzusuna çevrilib. Lakin məktub müəllifləri vurğulayıblar ki, məsələlərin həlli riyazi konsepsiyaların dərindən dərk edilməsindən ibarət olan əsas məqsədə çatmaq üçün sadəcə bir alət və vasitədir.

Onların qənaətinə görə, problemlərin sürətli həlli yeni metodların kəşfinə vaxt saxlamır, həmçinin müəlliflik və plagiatla bağlı problemlər yaradır. Riyaziyyatçılar süni intellektin elmi tədqiqatları sürətləndirmək potensialını etiraf etsələr də, onun tətbiqinin nəticələrinin yalnız insanlardan və onların alqoritmlərdən istifadə prinsiplərindən asılı olacağını bildiriblər.