Bayramov Ruslan 1996-cı il oktyabrın 5-də Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. Ailənin ikinci və ən sevimli övladı idi. O, 2003-cü ildə Musa Qonaqov adına tam orta məktəbinin I sinfinə daxil olmuşdur. Ruslan çox dəcəl və hər kəsin sevimlisi idi. Hələ uşaq yaşlarından onun ən böyük arzusu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək idi. 2012-ci ildə o, Cəmşid Naxçıvanski adına Hərbi Lisseyə sənədlərini verir. Yüksək balla ora daxil olur. 2015-ci ildə isə Heydər Əliyev adına Ali Hərbi məktəbdə təhsilini davam etdirir. Orada da nizam-intizamı və istedadı ilə yoldaşlarından fərqlənir. 2019-cu ildə təhsilini bitirir və bir neçə aydan sonra ailə həyatı qurur. O, Naxçıvan Muxtar Respublikasını “N” saylı Hərbi hissəsində xidmətə başlayır.
Yeni ailəli olmasına baxmayaraq, o, ən böyük arzusu olan Xüsusi Təyinatlılarının kursuna yazılır. 2020-ci il iyul ayında Ruslanın övladı dünyaya gəlir. O, qızına Arzu adını verir, lakin pandemiya olduğuna görə övladını görməyə gələ bilmir.
Sentyabrın 27-də Ali Baş Komandanımızın döyüş əmrini eşidən Ruslan çox sevinir. Torpaqlarımızın işğal altında olması onu çox üzürdü. O, könüllü olaraq müharibəyə yazılır və Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində döyüşə qatılır. Füzuli, Hadrud, Xocavənd və bir çox yerlərin azad olunmasında peşəkar kəşfiyyatçının böyük əməyi olur. O, düşmənin 100-ə yaxın canlı qüvvəsini məhv edir, bir çox texnikasının da sıradan çıxarılmasında misilsiz şücaət göstərir. Döyüşlərin birində Ruslanın komandiri ağır yaralanır. Dəstədə Ruslanın rütbəcə yüksək yoldaşları olmasına baxmayaraq, peşəkarlığı və biliyinə görə komandirliyi Ruslana həvalə olunur. Döyüş yoldaşları deyirlər ki, Ruslan dəstəni çox gözəl idarə edir, döyüşlər arası fasilələrdə isə cibindən balaca qızının corabını çıxarıb əzizləyirdi. Ən çətin yerlərə özü gedər, yoldaşlarını qabağa getməyə ruhlandırırdı. Göstərdiyi şücaətə görə də döyüşdəcə Ruslana baş leytenant rütbəsi verilir. Kəşfiyyatçımızın Laçın dəhlizi və Şuşanın azad olunmasında da əvəzsiz xidmətləri vardır.
Müharibəyə gəldiyi ilk günlərdən Ruslanın çantasında 2 ədəd Azərbaycan Respublikasının bayrağı var idi. Onun istəyi həmin bayraqları Şuşaya asmaq idi. Noyabrın 8-i Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Snayper gülləsi onun ürəyindən dəymişdi. Peşəkar kəşfiyyatçı Noyabrın 14-də Əlibəyqışlaq kənd qəbirstanlığında dəfn edilir. O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanən azad olunması uğrunda” medalları ilə təltif edilir.










