Etiraf insani keyfiyyətdir və yaxud düzü düz, əyrini əyri

Məşəl var, deyirlər ki, “Min dəfə imam üçün ağlayanda gərək bir dəfə də Yezid üçün ağlayasan.” Bu ifadə insanın tənqid edərkən belə obyektivlikdən uzaq düşməməsinin, mövqe və münasibətlərə yenidən baxaraq ədaləti qorumağın vacibliyini xatırladır. Mən də uzun müddət bəzi qeyri-dəqiq, tam yoxlanmamış məlumatlara əsaslanaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini daha çox mənfi prizmadan qiymətləndirmişəm. Elə bilirdim ki, yeni rəhbərlik gözlənilən dinamikanı yarada bilmir, problemlər isə əvvəlki kimi olduğunun üzərində qalır.
Lakin real vəziyyəti dəyərləndirmək üçün onu kənardan deyil, yaxından görmək lazımdır. Hazırda müalicə aldığım Bilgəh kardioloji sanatoriyasında keçirdiyim günlər mənim üçün bu baxımdan yeni bir mərhələ oldu. Müalicəm davam edir. Artıq ilk gündən müşahidə etdiklərim isə əvvəlki stereotiplərimi tədricən dəyişməyə başlayıb.
Sanatoriyada görülən işlər göz qabağındadır. Müalicə korpusu yenilənib, otaqlar və avadanlıqlar müasir tələblərə uyğunlaşdırılıb. Personalın davranışı, xidmət mədəniyyəti xeyli dəyişib. Yeməkxanada “şved stolu” prinsipi ilə xidmət göstərilməsi pasiyentlərin rahatlığını artırmaqla yanaşı, təşkilati işin də yaxşılaşdırıldığını göstərir. Təmizlik, gigiyena, seçim imkanının genişliyi əvvəlki illərdən fərqli mühiti hiss etdirir.
Sanatoriyanın geniş ərazisində abadlıq və quruculuq işlərinin davam etməsi də göstərir ki, burada yenilənmə prosesi yalnız kosmetik deyil, sistemlidir. Yeni təmir olunan otaqlar, abadlaşdırılan yaşıllıqlar göz oxşayır. Bütün bunlar hələ görüləcək işlərin çox olduğunu, lakin ən əsası bu işlərin artıq başladığını nümayiş etdirir.
Bu mənzərə AHİK-in ümumi fəaliyyəti ilə bağlı düşüncələrimə də yenilik gətirdi. Şübhəsiz ki, iş olan yerdə nöqsanlar da olur. Bu gün “AHİK-də hər şey tam yaxşıdır” demək düzgün olmaz. Hələ həll olunmalı məsələlər, təkmilləşdirilməsi gərəkən sahələr də yox deyil. Amma ən vacibi odur ki, mövcud nöqsanların aradan qaldırılması üçün real iş görülür. Tənqid edilən məqamların ört-basdır edilməməsi, əksinə, onların həlli istiqamətində addımlar atılması gələcək üçün ümid yaradan əsas amildir.
Mən əvvəllər Konfederasiya haqqında daha çox eşitdiklərimə arxalanırdım, indi isə şəxsən gördüklərim mənə göstərir ki, AHİK-in idarəçiliyində müasir yanaşma elementləri güclənir, yenilənmə prosesi tədricən genişlənir. Bu gün bir müəssisədə gördüyümüz müsbət dəyişiklik sabah digər sahələrdə də həyata keçirilə biləcək uğurlu islahatların xəbərçisi ola bilər.
Böyük dəyişikliklər birdən-birə baş vermir. Amma ən vacib olan iradənin, niyyətin və real addımların atılmasıdır. Mən isə burada keçirdiyim günlər ərzində həmin dəyişiklik istəyinin həm reallıq da, həm də praktikada özünü göstərdiyinə şahid oluram. Buna görə də inanıram ki, AHİK gələcək illərdə daha çevik, daha səmərəli və daha şəffaf fəaliyyət göstərəcək. Həm sosial müdafiə sahəsində, həm də əmək münasibətlərində yeni standartlar formalaşdırmağa davam edəcək.
Əgər irəliləyiş varsa, onu görmək və qeyd etmək də vacibdir. Mən də məhz bunu görür və yazıram ki, gələcəkdə daha uğurlu işlərin şahidi olaq.
Və son olaraq bir həqiqəti də xüsusi vurğulamaq istəyirəm: mən yazdıqlarımı heç vaxt qəsdlə, kimisə tərifləmək və ya kimisə tənqid etmək məqsədi ilə yazmıram. Həqiqət nədirsə, onu deməyə çalışıram. Bu gün də müşahidə etdiyim reallığı olduğu kimi qələmə almağı özümə vicdan borcu sayıram.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.