Şaiq Mirzəyev,
Vəkillər Kollegiyasının üzvü,
Hüquq elmləri üzrə fəlsəfə doktoru
Bu qələbə — ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan Ordusunun, xalqın birliyinin və dövlətə sarsılmaz inamının qələbəsidir. İşğal altında olan torpaqlarımızın hər qarışının şəhid qanı ilə geri alınması, həm ədalətin, həm də milli ləyaqətin bərpası demək idi.
Azərbaycan xalqı bu tarixi Zəfəri nə kənar güclərin dəstəyi, nə də başqalarının siyasəti ilə qazandı. Bu qələbənin memarı — müdrik rəhbəri, Ali Baş Komandan İlham Əliyev və onun ətrafında sıx birləşən xalqımız oldu. Qəhrəman Azərbaycan əsgərinin igidliyi, şəhidlərimizin qanı, xalqımızın milli həmrəyliyi sayəsində biz bu tarixi anı yaşadıq.
Şuşa – Qürur və Qələbə Simvolu
1992-ci ilin 8 mayında itirdiyimiz Şuşa 28 il sonra – 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Bu, Azərbaycanın 28 illik yarasının sağalması, tarixi ədalətin bərpası idi.
Prezident İlham Əliyev həmin gün xalqımıza tarixi müjdəni çatdıraraq bildirdi ki, “Şuşa azaddır!” — bu sözlər həm hər bir azərbaycanlının qəlbində fərəh doğurdu, həm də dünya miqyasında Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini nümayiş etdirdi.
Dəmir Yumruq – Birliyin və Gücün Rəmzi
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq tariximizin ən parlaq səhifələrindən biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:
“Biz bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Bu dəmir yumruq həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir.”
Bu Zəfər təkcə hərbi deyil, həm də mənəvi, siyasi və hüquqi ədalətin bərpası idi. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradı, Azərbaycan Ordusunun gücünün və xalqın Ali Baş Komandana sonsuz inamının təntənəli nümayişi oldu.
Tam Ərazi Bütövlüyünə Gedən Yol
2023-cü ilin 19 sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində cəmi 24 saat ərzində qeyri-qanuni erməni silahlı birləşmələri tərksilah edildi. Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
15 oktyabr 2023-cü ildə Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltdığı an isə xalqımızın tarixində qızıl hərflərlə yazıldı.
Böyük Qayıdış – Qələbədən İnkişafa
Bu gün azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb. Qarabağ və Şərqi Zəngəzur regionları müasir infrastruktura malik yeni inkişaf modelinə çevrilir.
Soydaşlarımızın doğma yurdlarına qayıdışı, Böyük Qayıdış strategiyasının reallığa çevrilməsi bu Zəfərin davamı, xalqın gələcəyə inamının göstəricisidir.
Zəfər Günü — bu xalqın birlik, dövlətə sədaqət və milli qürur günüdür.
Bu Qələbə — Azərbaycanın qüdrətinin, dövlətçilik ənənələrinin və xalq–lider vəhdətinin parlaq təntənəsidir.




