Beyin damarlarını zədələyən gündəlik qidalar: İnsult təhlükəsi artır

Gündəlik istifadə etdiyimiz bəzi qablaşdırılmış qidalar beyindəki qan damarlarının zədələnməsi ilə əlaqəli ola bilər. Yeni araşdırma ultra emal olunmuş məhsulların yüksək istehlakının insult və gələcəkdə yaddaş problemləri riskini artıra biləcəyini göstərib.

Bu barədə “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada bildirilir.

Tədqiqatçılar ürək-damar xəstəliyi olmayan 35-69 yaş arası 8783 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar MRT müayinəsindən keçirilib, nəticələr isə onların qidalanma vərdişləri ilə müqayisə olunub.

Araşdırmada ultra emal olunmuş qidaların ən çox istehlak edildiyi qrupda beyin damarlarının zədələnməsi əlamətlərinə daha çox rast gəlindiyi müəyyən edilib. Bu qrupa daxil olan insanların bədən yağının göstəricisi də digər iştirakçılarla müqayisədə 1,7 faiz daha yüksək olub.

Ultra emal olunmuş qidalara qablaşdırılmış qəlyanaltılar, şəkərli səhər yeməyi dənli bitkiləri, qazlı içkilər və hazır dondurulmuş yeməklər daxildir. Bu məhsulların tərkibində adətən ev şəraitində yemək hazırlayarkən istifadə edilməyən çoxsaylı əlavələr olur.

Alimlər bildirirlər ki, beyin damarlarının zədələnməsi əlamətləri gələcəkdə insult və koqnitiv qabiliyyətlərin zəifləməsi riski ilə əlaqələndirilir. Bununla belə, araşdırmada iştirakçıların yaddaş və digər koqnitiv göstəricilərində əhəmiyyətli fərq aşkarlanmayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, tədqiqat yalnız əlaqəni göstərir və ultra emal olunmuş qidaların birbaşa beyin zədələnməsinə səbəb olduğunu sübut etmir.

Diyetoloqlar belə məhsulları birdən-birə tamamilə rasiondan çıxarmaq əvəzinə, onların bir hissəsini daha sağlam alternativlərlə əvəz etməyi məsləhət görürlər. Yaşıl yarpaqlı tərəvəzlər, rəngli meyvələr, tam taxıllar və yağsız zülal mənbələri beyin sağlamlığını dəstəkləyən qidalar sırasındadır.

Mütəxəssislərin fikrincə, əsas məqsəd qidalanmada mükəmməlliyə nail olmaq deyil, uzun müddət davam etdirilə bilən sağlam vərdişlər formalaşdırmaqdır.