Xalqına və Dövlətinə sədaqətlə xidmət edən şəxsiyyət


Bu gün Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun doğum günüdür.
Bəzən zaman insanın söylədiyi fikirlərin nə dərəcədə doğru olduğunu özü təsdiq edir. İllər öncə mən belə bir fikir söyləmişdim ki, vaxt gələcək Azərbaycan dünyanın diqqət mərkəzində olacaq, onun inkişafı və dövlətçilik modeli bir çox ölkələr üçün nümunəyə çevriləcək. Həmçinin qeyd etmişdim ki, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edən elə şəxsiyyətlər var ki, onlar dövlət, xalq və Prezident naminə hər cür fədakarlığa hazırdırlar. Həmin şəxslərdən biri də Kəmaləddin Heydərovdur.
Bu fikirləri söylədiyim vaxtdan uzun illər keçib. Bu gün geriyə baxanda görürük ki, zaman bir çox həqiqətləri öz yerinə qoyub. Dövlətə sədaqət, xalqa xidmət və məsuliyyət hissi ilə çalışan insanlar hər zaman cəmiyyətin hörmətini qazanırlar. Kəmaləddin Heydərov da məhz belə dövlət xadimlərindəndir.
Uzun illərdir ki, ölkəmizin təhlükəsizliyi, insanların rifahı və fövqəladə halların qarşısının alınması istiqamətində yorulmadan çalışan Kəmaləddin Heydərov öz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müasir texniki imkanlara malik, peşəkar kadrlarla təmin olunmuş və beynəlxalq səviyyədə nüfuz qazanan bir quruma çevrilmişdir.
Bu gün Fövqəladə Hallar Nazirliyi yalnız ölkə daxilində baş verən fövqəladə hadisələr zamanı deyil, beynəlxalq humanitar əməliyyatlarda, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və xilasetmə missiyalarında da uğurla iştirak edir. Bu nailiyyətlərin arxasında peşəkar idarəçilik, uzaqgörənlik və insan həyatına verilən yüksək dəyər dayanır.
Kəmaləddin Heydərov təkcə dövlət xadimi deyil. O, eyni zamanda mədəniyyətə, incəsənətə, musiqiyə və milli-mənəvi dəyərlərə xüsusi həssaslıqla yanaşan ziyalı şəxsiyyətdir. Yaradıcılıq adamlarına, elm və mədəniyyət nümayəndələrinə göstərdiyi diqqət və qayğı cəmiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir.
Şəxsən mənim də Kəmaləddin müəllimlə bağlı xoş xatirələrim var. Onunla ilk görüşümüz zamanı sadəliyi, səmimiyyəti və insanlara olan hörmətinin şahidi olmuşam. Böyük vəzifə sahibi olmasına baxmayaraq, insanlarla ünsiyyətdə təvazökarlıq nümayiş etdirməsi, hər kəsə diqqətlə yanaşması onun yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.
Həyatda insanın böyüklüyü yalnız tutduğu vəzifə ilə ölçülmür. Əsl böyüklük insanlıq, sədaqət, mərdlik və vətənə xidmət kimi dəyərlərlə müəyyən olunur. Kəmaləddin Heydərovun həyat və fəaliyyət yolu bu dəyərlərin parlaq nümunəsidir.
Bu gün onun rəhbərlik etdiyi qurum minlərlə insanın təhlükəsizliyi keşiyində dayanır, ən çətin məqamlarda vətəndaşların yanında olur, dövlətimizin qüdrətinin və təşkilatlanma qabiliyyətinin göstəricilərindən biri kimi çıxış edir. Bu isə uzun illər ərzində formalaşmış peşəkar idarəçilik məktəbinin nəticəsidir.
Kəmaləddin müəllimə münasibətdə insanların hörmətinin əsas səbəblərindən biri də onun dostluğa, sədaqətə və insan münasibətlərinə verdiyi dəyərdir. Çünki insanlar zaman keçdikcə təkcə vəzifələri deyil, insanlığı da qiymətləndirirlər.
Bu gün doğum günündə Kəmaləddin Heydərova ən xoş arzularımızı çatdırır, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dövlətimiz naminə həyata keçirdiyi şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Qoy Uca Allah onu qorusun, Vətənimizə və xalqımıza xidmət yolunda daim güc, qüvvət və enerji versin.
Hörmətli Kəmaləddin müəllim!
Doğum gününüz mübarək!
Siz Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edən, məsuliyyətli fəaliyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə xalqımızın rəğbətini qazanmış nüfuzlu dövlət xadimlərindən birisiniz.
Arzu edirik ki, bundan sonra da ölkəmizin inkişafı, dövlətimizin qüdrətlənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz fəaliyyətiniz uğurlarla davam etsin.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,
Rasim Məmmədov
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Prezidenti
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri