“Ukraynada dəhşətli gecə: Rusiya yüzlərlə raket və PUA ilə hücum edib: çoxuşaqlı ailə məhv olub” – Ukrayna KİV-ləri

Rusiya iyulun 30-na keçən gecə Ukraynaya son ayların ən irimiqyaslı hava hücumlarından birini həyata keçirib. 

Bu barədə “focus.ua” nəşri məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ölkəyə 74 raket və 284 müxtəlif tipli pilotsuz uçuş aparatı buraxılıb. Əsas zərbələr Kiyev, Lvov və Dnepropetrovsk vilayətlərinə endirilib.

Məlumata görə, ən ağır faciə Krivoy Roq yaxınlığındakı Radiuşnoye qəsəbəsində baş verib. “İsgəndər-M” raketinin yaşayış evinə birbaşa düşməsi nəticəsində çoxuşaqlı ailənin altı üzvü, o cümlədən 5 və 12 yaşlı iki qız həlak olub. Daha səkkiz nəfər, o cümlədən iki uşaq yaralanıb. Xilasetmə işləri davam edir.

Lvov, Kiyev və Poltava da hücum hədəfi olub

Lvovda raket zərbələri nəticəsində 20-dən çox yaşayış binası, bir məktəb və iki uşaq bağçasına ziyan dəyib. Dağıntılar altında insanların qaldığı bildirilir. Son məlumata görə, şəhərdə 20-yə yaxın yaralı var, xilasedicilər axtarış əməliyyatlarını davam etdirir.

Kiyevdə raket hücumları nəticəsində yanğınlar baş verib. Bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Poltava vilayətində isə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir nəfər həlak olub, “Nova Poçta” şirkətinin terminalına və anbarlara ziyan dəyib.

320 hava hədəfi zərərsizləşdirilib

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 320 hava hədəfini, o cümlədən 55 raket və 265 pilotsuz uçuş aparatını vurub və ya zərərsizləşdirib.

Bununla belə, raket və dronların bir hissəsi hədəflərə çataraq müxtəlif bölgələrdə dağıntılara səbəb olub. Hücumun nəticələrinin dəqiqləşdirilməsi və xilasetmə əməliyyatları davam edir.