“Ukrayna-İran qarşıdurması yeni dünya müharibəsinə aparan ikinci addım ola bilər” – “Financial Times”

Ukrayna, Yaxın Şərq və Asiyada davam edən münaqişələr gələcəkdə bir-biri ilə birləşərək qlobal müharibəyə çevrilə bilər.

Bu barədə “Financial Times” qəzetinin şərhçisi Gideon Rahman yazıb.

Xəzərdəki qarşıdurma və qlobal müharibə riski

Rahman xatırladıb ki, ötən həftəsonu İran Ukraynanı Xəzər dənizində İranın ticarət gəmisini batırmaqda ittiham edib. Ukrayna isə uzaq məsafədən İran gəmilərinə zərbələr endirdiyini təsdiqləyərək, hədəfin Rusiyaya hərbi yük daşıyan gəmilər olduğunu açıqlayıb.

Şərhçi qeyd edib ki, 2024-cü ildə Şimali Koreyanın ilk hərbi kontingenti Ukrayna cəbhəsinə göndəriləndə Prezident Vladimir Zelenski bunu “dünya müharibəsinə aparan ilk addım” adlandırmışdı. Onun fikrincə, Ukraynanın İranla birbaşa qarşıdurmaya başlaması isə bu prosesdə “ikinci addım” sayıla bilər.

Ukraynanın məqsədi və “rəqiblər oxu”

Rahmanın sözlərinə görə, Rusiya, Çin, İran və Şimali Koreya arasında əməkdaşlığın güclənməsi bu ölkələrin “rəqiblər oxu” kimi qiymətləndirilməsinə səbəb olub. Bununla belə, ABŞ və onun müttəfiqləri arasında fikir ayrılıqları vahid blokun formalaşmasını çətinləşdirir. Şərhçi hesab edir ki, Ukraynanın İrana qarşı addımları qismən bu ölkələrə qarşı daha güclü beynəlxalq koalisiyanın yaradılmasına xidmət edə bilər.

Eyni zamanda, İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları minlərlə ukraynalının ölümünə səbəb olduğundan, Kiyevin cavab zərbələri üçün əsaslarının olduğunu vurğulayır.

Rahmanın fikrincə, Ukrayna Rusiyanın İrana verdiyi dəstəyi ön plana çıxarmaqla Tramp administrasiyası ilə münasibətlərini də möhkəmləndirməyə çalışa bilər.

Çin, Şimali Koreya və gələcək təhlükə

Məqalədə qeyd olunur ki, Ukrayna hazırda müharibədə təşəbbüsü tədricən ələ aldığını düşünsə də, Şimali Koreyadan əlavə 30 min hərbçinin göndərilməsi Rusiyanın mövqelərini gücləndirə bilər. Müəllif əlavə edir ki, Çin də Rusiyaya və İrana hərbi-sənaye sahəsində mühüm dəstək göstərir.

Rahman bildirir ki, Rusiya, Çin, İran və Şimali Koreya arasında rəsmi hərbi ittifaq olmasa da, onların ortaq məqsədi ABŞ-nin qlobal təsirini zəiflətməkdir. Onun fikrincə, Çin gələcəkdə dünyanın aparıcı gücü olmaq niyyətini gizlətmir. Şərhçi sonda vurğulayır ki, həm ABŞ, həm də Çin mümkün qarşıdurmaya hazırlaşsa da, eyni zamanda açıq müharibənin qarşısını almağa çalışırlar.

Bu isə müəyyən ümid yaratsa da, yeni dünya müharibəsinin baş verməyəcəyinə zəmanət vermir.

Zelenskinin sözlərinə görə, Rusiya Şimali Koreyadan daha 30 min hərbçi qəbul etməyə hazırlaşır. O həmçinin bildirib ki, Moskva Pxenyana müasir müharibə təcrübəsi qazandırır və onun silah sistemlərinin inkişafına dəstək verir.