Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb

Ukrayna hakimiyyəti artıq bir aya yaxındır ABŞ-dakı səfir postuna kimin təyin olunacağını müəyyənləşdirə bilmir. Buna səbəb ölkədə yaşanan kadr çatışmazlığıdır. 

Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Bildirilib ki, hazırda Ukrayna prezidenti Vladimir Zelenskinin nəzərdən keçirdiyi iki əsas namizəd var. Bunlar Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisa və ölkənin sabiq xarici işlər naziri Dmitri Kulebadır.

Lakin Pavel Palisanın Zelenskinin yaxın çevrəsində mühüm fiqur olduğu üçün onun Vaşinqtona göndərilməsi ehtimalı aşağı qiymətləndirilir. Dmitri Kulebanın namizədliyi ilə bağlı isə əlavə detallar açıqlanmayıb.

Ukraynanın Vaşinqtondakı səfir postunun uzun müddət boş qalması Qərbdə də narahatlıq yaradıb. Vəzifə Olqa Stefanişinanın istefasından sonra boş qalıb. Stefanişina Ukraynaya qayıtdıqdan sonra ölkənin korrupsiyaya qarşı mübarizə qurumları – NABU və SAP tərəfindən korrupsiya ilə bağlı bir sıra ittihamlarla üzləşib.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da ABŞ-a səfir vəzifəsinə əsas namizədlərdən biri kimi göstərilirdi.