İsrail hökuməti BƏƏ ilə birlikdə Fars körfəzini Aralıq dənizi ilə birləşdirəcək “Sülh Yolu” layihəsini aktivləşdirib. Layihə Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ABŞ səfəri və Donald Trampla görüşündən sonra yenidən gündəmə gətirilib.
İsrailin nəqliyyat naziri Miri Regev ötən həftə açıqlamasında layihə ilə bağlı danışıqların bərpa edildiyini və BƏƏ rəsmiləri ilə gizli görüş keçirildiyini bildirib.
İki ildən sonra yenidən dirçəldilən dəmir yolu layihəsinin tezliklə istifadəyə verilməsi planlaşdırılır.
İddiaya görə, Türkiyə və Fransa layihənin Suriya və Livandan keçməsi üçün Vaşinqtona təzyiq göstərir. Şahzadə Salmanın Trampla görüşündən sonra isə bu istiqamətdə qərarların sürətləndiyi bildirilir.
Qeyd edək ki, “Sülh Yolu” İsrailin iqtisadi asılılığını azaltmaq və regionu Yaxın Şərqdən Avropa İttifaqına qədər uzanan geniş infrastruktur şəbəkəsi ilə birləşdirməyi hədəfləyir. Layihə çərçivəsində dəmir yolu xətləri, gəmiçilik marşrutları, rabitə kabelləri və enerji boru kəmərlərinin çəkilməsi planlaşdırılır.




