Süni intellektin köməyi ilə hazırlanan orfoqrafiya lüğəti nə vaxt çap olunacaq?

“Yeni hazırlanan orfoqrafiya lüğəti üzərində aparılan işlərin 2026-cı ilin sonuna yekunlaşması planlaşdırılır”.

Bunu açıqlamasında Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.

Süni intellektin köməyi ilə hazırlanan orfoqrafiya lüğəti nə vaxt çap olunacaq?

O bildirib ki, hazırda görünməmiş bir iş görülür:

“Əvvəlcə hər kəs öz işini tamamlayır, daha sonra isə tərtibçi və alimlərimizin hazırladığı materialları bir-bir ümumi müzakirəyə çıxarırıq ki, heç kim öz üzərində qapanıb qalmasın.

Əvvəllər Tətbiqi Dilçilik şöbəsinin əməkdaşlarının hazırladıqları materiallar ayrıca müzakirə olunurdu. İndi isə bu prosesə daha geniş heyət cəlb olunub.

14 nəfər bu işlə məşğuldur. Bundan əlavə, digər şöbələrdən də peşəkar mütəxəssisləri seçərək prosesə qoşmuşuq və onları tərtibçilik qrupunda qeydiyyata almışıq.

İstər tətbiqi dilçilik şöbəsinin əməkdaşları, istərsə də digər mütəxəssislər tərəfindən hazırlanan materiallar eyni qaydada müzakirə olunur və yoxlanılır. Bundan başqa yol yoxdur. Çünki hər kəs yalnız öz yazdığı mətnə baxarsa, səhvlər diqqətdən kənarda qala bilər.

Orfoqrafiya lüğətinin çapı bizim səlahiyyətimizə daxil deyil. Nazirlər Kabinetinin qərarına əsasən, lüğət hər beş ildən bir yenilənərək çap edilməlidir. Əslində, növbəti nəşr gələn il işıq üzü görməli idi. Lakin biz izahlı lüğətin yerinə orfoqrafiya lüğətinin hazırlanmasına üstünlük verdik. Çünki orfoqrafiya lüğəti daha normativ xarakter daşıyır və daha vacib hesab olunur.

Türkdilli xalqlar arasında ilk dəfə olaraq bu işi korpus dilçiliyi əsasında həyata keçirmişik. Bu, həqiqətən də yenilikdir. Süni intellekt bu gün bütün sahələrdə tətbiq olunur və biz də onun imkanlarından orfoqrafiya lüğətinin hazırlanmasında istifadə etdik.

Əllə hazırlanan lüğətlərdə müəyyən səhvlərin olması qaçılmazdır. Maşın isə böyük həcmdə materialı qısa müddətdə toplaya bilir. Ancaq süni intellekt insan deyil. O, qarşısına çıxan bütün sözləri toplayır. Bizim vəzifəmiz həmin sözləri emal etmək, təhlil etmək və düzgün seçim aparmaqdır.

Məsələn, maşın müəyyən şəkilçiləri müxtəlif sözlərə qoşa bilər. Lakin dilçi mütəxəssis həmin sözlərin normaya uyğun olub-olmadığını müəyyənləşdirir. Bu səbəbdən mütəxəssislərin işi həlledici əhəmiyyət daşıyır.

Əvvəllər lüğətlər əsasən şöbələrin təqdim etdiyi materiallar əsasında hazırlanırdı. 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğətində isə ciddi problemlər mövcud idi. Şərq-Qərb nəşriyyatı buna müdaxilə eləyib, institutdan gələn lüğətə özfəaliyyət ilə sözlər əlavə olunub. Hətta alimlərin xəbəri olmadan bəzi müdaxilələr baş vermiş, normativ olmayan və dialekt sözləri lüğətə salınmışdı.

Biz əvvəlki nəşrlərdə nəzərdən qaçmış təxminən 94 min sözü yenidən araşdıraraq bərpa etmişik. Burada məqsəd kimisə günahlandırmaq deyil. İnsan yorula və səhv edə bilər. Maşın isə yorulmur və bütün materialı təqdim edir. Son seçim isə yenə insanın üzərinə düşür.

Türkiyədə belə bu sistem hələ tətbiq edilməyib. Mən hesab etdim ki, süni intellekt bütün sahələrə nüfuz etdiyi kimi, orfoqrafiya lüğətinin hazırlanmasında da istifadə oluna bilər. Bunun üçün əvvəlcə Korpus Dilçiliyi yaradıldı.

Türkdilli xalqların əksəriyyətində dil korpusları mövcuddur. Kiçik türkdilli xalqlar – çuvaşlar, xakaslar, şorlar öz dil korpuslarını yaradıblar. Bizdə isə bu istiqamətdə iş sonradan formalaşdırıldı. Rəhbərliyin dəstəyi ilə bu layihə həyata keçirildi və nəticədə Azərbaycan dilinin söz bazası yaradıldı”.

Nadir Məmmədli vurğulayıb ki, bu baza gələcəkdə müxtəlif lüğətlərin hazırlanmasını xeyli sürətləndirəcək:

“Əvvəllər sinonimlər və omonimlər lüğətinin hazırlanmasına illərlə vaxt sərf olunurdusa, indi bu proses çox qısa müddətdə həyata keçirilə bilər. Sonrakı mərhələdə əsas məsələ mütəxəssislərin seçimi və elmi redaktəsidir.

Məsələn, görkəmli alim Əliheydər Orucov Azərbaycan dilinin izahlı lüğətinin dörd cildini hazırlamaq üçün 40 il zəhmət çəkmişdi. Bu gün isə yaradılmış sistem vasitəsilə daha geniş həcmli lüğətləri qısa müddətdə hazırlamaq mümkündür.

Hazırda Dilçilik İnstitutunda Süni İntellekt və Kompüter Dilçiliyi şöbəsi fəaliyyət göstərir. Bu şöbə müasir texnologiyaların dilçilikdə tətbiqinə xidmət edir. Müxtəlif qurumlardan proqramçılar da bu işə cəlb olunub və layihənin həyata keçirilməsində iştirak edirlər.

Bizim məqsədimiz daim yeniliyə açıq olmaq, dünya standartlarına uyğun işləməkdir. İlk dəfə tətbiq etdiyimiz bu sistemdə müəyyən qüsurların olması istisna deyil. Çünki son nəticədə bütün materialları hazırlayan, seçən və tənzimləyən yenə insanlardır.

Məhz buna görə də hər gün geniş müzakirələr aparılır. Bəzən bir hərf və ya bir söz üzərində dəfələrlə müzakirə keçirilir. Çünki lüğətdə çoxlu yeniliklər var. Məsələn, ilk dəfə olaraq bəzi feili sifət və feili bağlamaları da lüğətə daxil edilib. Əlbəttə, onların hamısı deyil, yalnız normativ baxımdan zəruri hesab olunanları seçilib”.