Kim Çen Indan Putinə cavab: “Qüdrətli Rusiya quracaqsan!”

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə teleqram göndərib. O, cavab teleqramında Qırmızı Ordunun Koreyanın Yaponiya müstəmləkəçiliyindən azad edilməsindəki rolunu xüsusi olaraq qeyd edib. 

Teleqramın mətni Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) dərc edilib.

Məktubda deyilir: “Koreyanın azad edilməsinin 81-ci ildönümü münasibətilə səmimi təbrikinizə, teleqramınıza görə dərin minnətdarlığımı bildirirəm”.

Kim Çen In həmçinin Rusiya və Şimali Koreyanın haqq-ədalət uğrunda birgə mübarizəsindən qürur duyduğunu bildirib və ölkələrin ikitərəfli münasibətlərdə daha parlaq gələcək üçün etibarlı bir zəmanət yaratdığını vurğulayıb. Şimali Koreya lideri Putinin rəhbərliyi altında Rusiya ordusunun ölkənin təhlükəsizlik maraqlarını və ərazi bütövlüyünü qoruyacağına və qüdrətli Rusiya quracağına əminliyini bildirib. Sonda Kim Çen In Rusiya liderinə cansağlığı və uğurlar arzulayıb.