Sərhəd-keçid məntəqələrində 894 yük maşını gözləyir

 Azərbaycanın dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 894 yük maşını hazırda sərhəd-keçid məntəqəsində növbədədir. Belə ki, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 1, “Samur” gömrük postunda 134, Gürcüstanla sərhəddə “Mazımqara” gömrük postunda 7, “Qırmızı Körpü” gömrük postunda 700, İran İslam Respublikası ilə sərhəddə “Astara” gömrük postunda 52 yük nəqliyyat vasitəsi növbədədir, “Biləsuvar” gömrük postunda isə növbə qeydə alınmayıb.

Qeyd edilib ki, sərhəddə yük nəqliyyat vasitələrinin sayı haqqında canlı məlumatları Dövlət Gömrük Komitəsinin saytından izləmək mümkündür: “Çıxış postunu giriş zamanı özünüz təyin edə və ya çıxışda növbələr çox olduqda, gömrük əməkdaşlarına müraciət edərək çıxış postunu dəyişə bilərsiniz”.

Xatırladaq ki, bir neçə gün öncə “Qırmızı körpü” gömrük postunda günlərlə növbədə gözləyən TIR sürücüləri məsələ ilə bağlı narazılıqlarını bildirirdilər.