“Əslində Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması manipulyasiya və həqiqətlərin təhrifidir”.
Bu fikirlər Musavat.com-un Rusiya XİN-in 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməsi barədə yaydığı məlumata şərhində bildirilib:
“Sözügedən ödənişlər AZAL təyyarəsinin qəzasına görə Rusiya dövlətinin verdiyi kompensasiya deyil, sərnişinlərin fərdi sığorta müqavilələri əsasında ödənilən məbləğlərdir. Fakt odur ki, Rusiya qəzanın məsuliyyətini qəbul etməyib və birbaşa faciə üzrə kompensasiya ödəməyib. Yəni ödənişlərin qaynağı sərnişinlərin şəxsi, təyyarənin isə korporativ sığortasıdır. Buna görə də Rusiya XİN-in “1 milyardlıq sığorta ödənişi” açıqlaması sadəcə saxta görüntü yaratmaq və məsuliyyəti gizlətmək məqsədi daşıyır. Ekspertlər bunu Kremlin tipik informasiya təbliğatı kimi qiymətləndirir, faciədən siyasi məqsədlərlə istifadə etmək və ictimai rəyi çaşdırmaq cəhdi adlandırırlar”,- deyə əlavə edilib.

Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməməsi barədə məlumatlara aydınlıq gətirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) “Telegram” kanalında məlumat verilib.
Rusiya XİN-dən bildiriblər ki, təyyarənin xəsarət almış sərnişinlərinə və həlak olanların yaxınlarına ümumilikdə 358.4 milyon rubl (təqribən 7,4 milyon manat – red.) məbləğində sığorta ödənişi edilib:
“Reysin 62 sərnişindən 46-nın xəsarət alması və ölməsi ilə bağlı iddialar tam nizamlanıb, o cümlədən Rusiya vətəndaşlarının 15-dən 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, Qırğızıstanın 3 vətəndaşının, Qazaxıstanın 6 vətəndaşından 1-nə ödənişlər tam təmin edilib. Zərərçəkmişlər və ölənlərin yaxınları ilə tam nizamlanma məqsədilə ödəniş məbləğlərinin razılaşdırılması istiqamətində işlər davam edir”.




