Yanlış qidalanma, şəkərin və dərin emaldan keçmiş məhsulların həddindən artıq istehlakı metabolik pozğunluqların, o cümlədən qaraciyərin piylənməsi xəstəliyinin inkişaf riskini artıra bilər.
Bu barədə Roskaçestvonun bitki mənşəli məhsulların inkişafı üzrə Səriştə Mərkəzində xəbərdarlıq ediblər. Mütəxəssislər Lenta.ru-ya müsahibələrində qaraciyər üçün faydalı olan üç məhsulun adını çəkiblər.
Qaraciyər çoxsaylı mühüm funksiyaları yerinə yetirir: zülalların, yağların və karbohidratların mübadiləsində iştirak edir, qanda qlükozanın səviyyəsini tənzimləyir, dərman maddələrinin emalını təmin edir və orqanizmin potensial zərərli birləşmələri zərərsizləşdirməsinə kömək edir. Qaraciyərin normal fəaliyyəti üçün tam və balanslı qidalanma, kifayət qədər miqdarda lif, vitamin və digər bioloji aktiv maddələrin qəbulu vacibdir.
“Belə məhsullardan biri brokkolidir. Onun tərkibində lif, C vitamini və qlükosinolatlar – orqanizmin ferment sistemlərinin, o cümlədən müxtəlif maddələrin metabolizmi ilə əlaqəli sistemlərin fəaliyyətində iştirak edən bitki mənşəli birləşmələr var. Digər faydalı məhsul mərciməkdir. O, bitki zülalı, qida lifləri və folatlarla zəngindir”, – deyə ekspertlər bildiriblər.
Roskaçestvoda üçüncü vacib məhsul kimi qozu qeyd ediblər. Mütəxəssislər izah ediblər ki, qozun tərkibində doymamış yağ turşuları, E vitamini və polifenollar var.
“Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Bununla belə, qoz kifayət qədər yüksək kalorili məhsuldur, buna görə də onun orta miqdarda istehlak edilməsi tövsiyə olunur”, – deyə onlar xəbərdarlıq ediblər.
Müxtəlif çeşidli qidalar orqanizmi maddələr mübadiləsində iştirak edən, orqan və sistemlərin fəaliyyətini dəstəkləyən qida lifləri, vitaminlər, minerallar və digər maddələrlə təmin etməyə kömək edir. Tərəvəzlərin, paxlalı bitkilərin, qoz-fındığın və digər bitki mənşəli məhsulların müntəzəm olaraq qida rasionuna daxil edilməsi qanda xolesterin və qlükozanın sağlam səviyyədə saxlanmasına da kömək edir. Bu isə metabolik pozğunluqların profilaktikası baxımından vacibdir.
Ekspertlər əlavə ediblər ki, qaraciyərin sağlamlığının qorunması yalnız faydalı məhsulların seçilməsini deyil, həm də əlavə edilmiş şəkərin, şirin içkilərin və alkoqolun həddindən artıq istehlakının məhdudlaşdırılmasını nəzərdə tutur. Heç bir məhsul təkbaşına qaraciyəri təmizləmək və ya onun funksiyalarını bərpa etmək iqtidarında deyil.



