Alyaska və Kanada istiqamətində səfər edən “Ruby Princess” adlı sərnişin laynerində 120 nəfərdən çox adam norovirus infeksiyasına yoluxub.
Bu barədə məlumatı “The Guardian” nəşri ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) açıqlamasına istinadən yayıb.
“Princess Cruises” şirkətinə məxsus su nəqliyyatı vasitəsi dezinfeksiya tədbirləri üçün San-Fransisko limanında dayandırılıb. Xəstələnənlərin təqribən 100 nəfəri sərnişin, 23 nəfəri isə gəmi heyətinin üzvüdür. Ümumilikdə isə laynerdə 3 032 sərnişin və 1 144 nəfərlik ekipaj üzvü olub.
Laynerdə sanitar təhlükəsizlik qaydaları sərtləşdirilib, o cümlədən əlavə dezinfeksiya və təmizlik işləri həyata keçirilib. Xəstəlik əlamətləri daşıyan ekipaj heyəti və sərnişinlər dərhal təcrid olunublar.




