ABŞ səmasında 30 metrlik naməlum obyektlər: Pentaqon nəyi gizlədir?

ABŞ-da dağ silsilələrinin üzərində müşahidə edildiyi iddia olunan nəhəng qara üçbucaqlı obyektlərlə bağlı sirr yenidən gündəmə gəlib. Beş konqresmen Pentaqondan UFO-larla əlaqəli altı məxfi hesabatın açıqlanmasını tələb edib.

Noyabrın 20-də Konqres üzvləri Pentaqonun Kəşfiyyat İdarəsinə məktub göndərərək sənədlərin gizli saxlanılmasının səbəbini izah etməyi tələb ediblər.

Hesabatlardan ikisinin 2023-cü ildə dağların üzərində müşahidə edildiyi bildirilən qara üçbucaqlı obyektlərlə bağlı olduğu iddia edilir. Mənbələrin sözlərinə görə, təxminən 30 metr enində olan obyektlər dağ silsiləsinin üzərindən uçaraq buludların arasında yoxa çıxıb. Bununla belə, həmin hadisələrlə bağlı videonun mövcudluğu təsdiqlənməyib.

Digər dörd sənəd isə Sovet İttifaqının UFO araşdırmalarına və naməlum uçan obyektlərlə bağlı materiallara aiddir.

Maraqlıdır ki, Pentaqon noyabrın 20-də UFO-larla bağlı 43 faylı açıqlasa da, konqresmenlərin tələb etdiyi altı hesabat hələ də məxfi saxlanılır.

Məktubu imzalayan qanunvericilər sənədlərin açıqlanmamasını Konqresin nəzarət səlahiyyətlərinə maneə kimi qiymətləndirirlər. Pentaqonun müvafiq qurumu dekabrın 4-dək müraciətə cavab verməlidir.