Jurnalistika və media sahəsində uzun illərdir göstərdiyi fədakar fəaliyyət, ictimai məsələlərə həssas yanaşması və milli maraqları daim ön planda tutması ilə seçilən Asif Məmmədov (Asif Mərzili) bu günlərdə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, daha böyük uğurlar arzulayırıq!
Asif Məmmədovun peşəkar fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da yüksək dəyərləndirilir. O, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) xətti ilə bir neçə dəfə xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə jurnalist kimi iştirak edərək təşkilatlarımızı müşayiət edib, geniş informasiya dəstəyi göstərib. Xüsusilə, Başqırdıstanda – Ufa şəhərində DAMM və İNK-nin təşkilatçılığı ilə keçirilən Dünya İntellektual Forumunun davamında, Moskvadakı analoji tədbirin təşkilində də Asif Məmmədov ön sırada yer alıb.
Onun fəaliyyəti bununla bitmir. Kahramanmaraş şəhərində yerləşən, DAMM və SIM-in təşəbbüsü və müraciəti əsasında ucaldılmış Xocalı Soyqırımına həsr olunmuş “Ana Fəryadı” abidəsinin açılışında da Asif Məmmədov həm “Təzadlar” qəzetinin baş redaktoru, həm də Koalisiyanın fəal üzvü kimi iştirak edərək tarixi əhəmiyyət daşıyan tədbirin işıqlandırılmasında mühüm rol oynamışdır.
Qardaş Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində, Kayseri Böyükşəhər Bələdiyyəsinin dəstəyi, Azərbaycan Təhsil və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə və Kayseri Erciyes Universiteti Tələbələr və Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunmuş tədbirdə – Xocalı Soyqırımına həsr olunmuş “Ana Fəryadı” abidələrinin açılışında Azərbaycan, Türkiyə və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri və deputatlarının iştirakı ilə keçirilən mərasimdə bir daha DAMM tərəfindən həmin böyük tədbiri müşaiyət etmək üçün akreditə olunub həmin tədbirdə iştirak etmişdir.
Asif Məmmədov 2015-ci ildən etibarən, Koalisiyanın yaradıldığı ilk gündən həm Koalisiyaya, həm DAMM-a, həm də Sabitlik və İnkişaf Mərkəzinə (SIM) ictimai və mənəvi dəstəyini əsirgəməmişdir. Onun bu fədakar əməyi, daim ön sırada yer alması və milli dəyərlər uğrunda apardığı fəaliyyət yüksək təqdirəlayiqdir.
Asif müəllimin təşkilatlarımızla – İNK, DAMM və SIM ilə olan bağlılığı və sevgisi o qədər güclüdür ki, metaforik olaraq desək, bu sevgi altıncı mərtəbədən səkkizinci mərtəbəyə yüksəlib və bu birlik, əməkdaşlıq nümunəsi bizim üçün böyük dəyər daşıyır.
Bu gün Asif Məmmədovun dövlət tərəfindən “Tərəqqi” medalı ilə təltif olunması təkcə onun şəxsi nailiyyəti deyil, eyni zamanda DAMM, İNK və SIM təşkilatlarının fəaliyyətinə verilən bir qiymət kimi də dəyərləndirilə bilər.
Hörmətli Asif müəllim, bir daha Sizi bu əlamətdar münasibətlə təbrik edirik! Uğurlarınız daim bol olsun, fəaliyyətinizin gələcək mərhələsində də yüksək dəyərlərə xidmət edəcəyinizə, daha böyük mükafatlara layiq görüləcəyinizə inanırıq.
Hörmət və ehtiramla,
İNK – İctimai Nəzarət Koalisiyası
DAMM – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi
SIM – Sabitlik və İnkişaf Mərkəzi









