Narsist sözünün mənası özünün pərəstişkarı olan, özünü həddindən artıq çox sevən deməkdir. Təəssüf ki, son illər yeniyetmə və gənclərdə həmin hal ən çox üzləşilən və müşahidə edilən haldır. Onlarda həddindən çox özünə vurğunluq, özünü bəyənmə halları olur, yalnız özlərini düşünür, ətrafdakılarla səmimi ünsiyyət qurmaqdan çəkinirlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib ki, əslində insanın özünü sevməsi normal prosesdir: “Lakin əndazənin aşılması, qədərindən artıq şəkildə özünü bəyənmək, ifrat dərəcədə özünə vurğunluq hissi qətiyyən yaxşı hal deyil. Narsistlərdə bu hiss o dərəcədə güclü olur, özünü o qədər eqoistcəsinə sevir ki, başqalarının fikri və düşüncələri onun üçün əhəmiyyətsiz olur. Onların ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, bütün məsələlərə yalnız öz prizmalarından yanaşır, nəinki öz fikirlərini, həm də özlərini hamıdan üstün hesab edirlər. Narsistlər tərifə həddən artıq həssasdırlar və çox istəyirlər ki, hamı onları tərifləsin, haqında xoş sözlər desin. Tərif və xoş sözlər onlar üçün mənəvi qidadır. Bundan başqa onlar uğura həvəslidirlər, hər sahədə qalib, birinci olmaq iddiaları var. Həmişə öz fikirlərini başqalarına qəbul etdirməyə məcbur etmək istəyirlər. Tənqidə qarşı dözümsüzdürlər. Heç vaxt özlərini günahkar hesab etmirlər və onlara elə gəlir ki. səhvsizdirlər. Hər hansı situasiyada yalnız başqalarını və ya qarşı tərəfi günahlandırırlar. Hansısa problem yaranıbsa, onların deyil, qarşı tərəfin səhvi ucundan qaynaqlanır. Narsuistlər hər zaman və bütün hallarda özlərini haqlı hesab edirlər. Başqalarının gördüyü işi və zəhməti alçaldır, dəyərsizləşdirirlər. Narsizm diaqnozu əsasən 18 yaşdan sonra qoyulur. Narsist xarakterik bir problemdir, psixopotologiyadır, normal deyil”.
Psixoloq onu da qeyd edib ki, narsizmin müalicəsi bir neçə üsulla aparılır: «Belə psixologiyaya malik olanları müalicə etmək çox çətindir. Çünki onlar problemlərinin fərqində olmur və onu qəbul etmirlər. Onlara elə gəlir ki, hər şeyin ən yaxşısını bilirlər və müalicə olunmaq üçün müraciət etmirlər. Onların müalicəsi çox uzun müddət davam etməlidir və mərhələlərlə aparılmalıdır. Çünki bu cür psixologiyaya malik olanlar öz bildiklərindən asanlıqla əl götürmürlər. Narsizmin müalicəsi həm psixoloq məsləhəti, həm də psixodinamik terapiya və dərman müalicəsi ilə aparılmalıdır”.
ictimaixeber.az




