Moldovada yeni qarşıdurma xətti – Rusiya nə istəyir?

Birləşmiş Ştatlar postsovet məkanında təsir dairəsini genişləndirməkdə davam edir. Ağ Ev indi də Moldovada aktiv fəaliyyətə keçib. Xeyli müddətdir Moldovanın postsovet məkanından tamamilə uzaqlaşdırılmasına çalışılır. Buna müəyyən mənada nail də olunur. Ölkə artıq MDB ilə əlaqələri kəsib, bütün müqavilələri dayandırıb.

Ruspərəst qüvvələrin seçkilərdə məğlubiyyətindən sonra Qərb strukturları Kişineuya yardımlarını artırıblar. Moldovanın Avropa İttifaqına üzvlüyü prosesi də sürətləndirilib. İş o yerə gəlib çatıb ki, ABŞ Moldovanın hərbi aerodromunu almaq istəyini açıqlayıb. Moldovanın infrastruktur və regional inkişaf naziri Vladimir Bolea bildirib ki, ABŞ-nin bir neçə şirkəti ölkənin şimalında yerləşən Markuleşti hərbi aerodromuna maraq göstərir. Kişineuda hesab edirlər ki, bu obyekt gələcəkdə regional yükdaşıma və logistika mərkəzinə çevrilə bilər.

Dnestryanı bölgə və Rusiyanın iddiaları

Prezident Maya Sandunun Avropa tərəfdaşları ilə Rusiya qoşunlarının regiondan çıxarılması məsələsini müzakirə etməsi və aeroportla bağlı xəbər separatçı Dnestryanı bölgə və onun himayə etdiyi Rusiyada narahatlıqla qarşılanıb. Separatçı Tiraspolda iddia edirlər ki, 1992-ci ildə onları bombalayan təyyarələr məhz bu aerodromdan havaya qalxıb.

Markuleşti aerodromuna NATO ölkələri təyyarələrinin enməsi barədə məlumatlar uzun illərdir məlumdur. Son vaxtlar bura Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarələrin də enməsi ilə bağlı xəbərlər yayılıb. Bu isə Moldovanın münaqişəyə cəlb olunmasını istəməyən vətəndaşlar arasında narahatlıq yaradıb. İddialara görə, həmin təyyarələr Ukraynadan müxtəlif yüklər daşıyır. Bunu Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov iddia edib. Bundan əvvəl, 2025-ci ilin fevralında Rusiyanın Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlardakı nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Yuliya Jdanova Moldovanın Ukraynadan silah daşınmasının əsas tranzit məntəqələrindən biri olduğunu bəyan etmişdi.

Sərhəddən 100 kilometrlik məsafədə yerləşən aeroport

Moldova hakimiyyəti isə bildirir ki, Markuleşti Beynəlxalq Hava Limanı yalnız investisiyaların cəlb edilməsi və regional nəqliyyat-logistika mərkəzinin yaradılması məqsədi daşıyır. Lakin aerodromun hərbi keçmişi və texniki imkanları onun hərbi-strateji məqsədlərlə istifadə oluna biləcəyi barədə sualları artırır. “Markuleştidə fəaliyyət göstərən hava limanı var. Burada hər il 230–250 reys həyata keçirilir. Hər ay ABŞ, Yunanıstan və Macarıstandan olan şirkətlər bu aerodromla maraqlandıqlarını bildirirlər” – deyə Vladimir Bolea da bildirib. Nazirin sözlərinə görə, aerodromun əsas üstünlüklərindən biri onun Ukrayna sərhədindən təxminən 100 kilometr, Rumıniya sərhədindən isə bir qədər artıq məsafədə yerləşməsidir.

“Bu, çox əlverişli mövqedə yerləşən aerodromdur. Buraya gedən dördzolaqlı avtomobil yolu var. Həmin yol yenidən qurulacaq. Dəmir yolu bağlantısı da mövcuddur. Söhbət tam funksional logistika mərkəzindən gedir”, – deyə Bolea bildirib.

2004-cü ilə qədər obyekt hərbi aerodrom kimi istifadə olunub 

Markuleşti Beynəlxalq Hava Limanı 2004-cü ilə qədər hərbi aerodrom kimi istifadə olunub. Daha sonra ona mülki hava limanı və azad iqtisadi zona statusu verilib. Burada uzunluğu 2 500 metr olan uçuş-eniş zolağı yerləşir ki, bu da iri hava gəmilərinin qəbuluna imkan verir. Məhz bu xüsusiyyət ekspertlər və ictimaiyyət arasında aerodromun gələcəkdə hərbi məqsədlərlə istifadə oluna biləcəyi barədə ehtimalları artırır.

Hazırda burada hərbi baza yaradılması və ya NATO qüvvələrinin daimi yerləşdirilməsi barədə rəsmi qərar qəbul edilməyib. Moldova Konstitusiyaya əsasən neytral dövlətdir. Bununla belə, ölkə müdafiə infrastrukturunun Qərb standartlarına uyğunlaşdırılması istiqamətində NATO ilə əməkdaşlıq edir.

Hərbi təyyarələr üçün mobil texniki xidmət stansiyası

Rəsmi şəxslər də ölkə ərazisində NATO hərbi aviasiyasının yerləşdiriləcəyi barədə məlumatları dəfələrlə təkzib ediblər. Bununla belə, aerodromun texniki imkanlarının buna şərait yaratdığı qeyd olunur. Təxminən bir il əvvəl Moldova parlamentinin “Qələbə” müxalifət blokundan olan deputatı Vasili Bolea Kişineunun NATO infrastrukturunun ölkədə yerləşdirilməsinə razılıq verdiyini iddia etmişdi. “Yaxın vaxtlarda Markuleşti hava limanının Avropa İttifaqı və ya NATO təyyarələrinin yerləşdirilməsi üçün istifadə oluna biləcəyini istisna etmirəm. Ukrayna Qərb ölkələrindən F-16 qırıcılarını aldıqdan sonra onların “neytral” Moldovada yerləşdirilməsi və texniki xidmətinin təşkili ilə bağlı müzakirələr başlanmışdı. Həmin dövrdə Rumıniyanın Moldovaya hərbi təyyarələr üçün mobil texniki xidmət stansiyası göndərərək sonradan onların Markuleşti aerodromunda yerləşdirilməsinin planlaşdırıldığı barədə məlumatlar yayılmışdı”, – deyə o bildirib.
Göründüyü kimi, Moldovada müxtəlif qütblərin geosiyasi qarşıdurması kəskinləşir. (“Kaspi” qəzeti)