Messinin atasının ölüm xəbərini yayan aparıcı işdən QOVULDU

Lionel Messinin atası Xorxe Messinin öldüyü barədə yalan məlumat yayan aparıcı Florensiya Penya işdən qovulub.

Hadisə Luzu TV kanalında yayımlanan “El Show del Verano” proqramında baş verib. Penya efirdə izləyicilərə belə deyib:

“Mən pis xəbər vermək istəmirəm, amma Messinin atası indicə vəfat edib. O, dünya çempionatı davam etdiyi vaxt ölkəni tərk etməli olacaq”.

İyunun 18-də Florensiya Penya səhv məlumat yaydığına görə üzr istəyib və baş verənlərdən utandığını bildirib.

Kanalın sahibi Nikolas Okkiatonun yayılan açıqlamasında deyilir:

“Efirdə baş verən hadisəyə görə dərin təəssüf hissi keçiririk. Kanalımız əvvəlcədən lazımi şəkildə yoxlanılmamış məxfi məlumatların yayılmasını qəbuledilməz hesab edir. Bu səbəbdən rəhbərlik günahkar şəxslərin işdən çıxarılması barədə qərar qəbul edib. Florensiya Penya vəzifəsini tərk edəcək. Biz məsuliyyətli, hörmətli və dəqiq informasiyanın yayılmasına sadiqliyimizi bir daha təsdiqləyirik”.

Qeyd edək ki, Messi ailəsi futbolçunun atası Xorxe Messinin səhhəti ilə bağlı açıqlama vermişdi.

İyunun 17-də yayılan məlumatlarda bildirilirdi ki, Lionel Messinin DÇ-2026-da Əlcəzairə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda ilk qoldan sonra göz yaşlarını saxlaya bilməməsi 67 yaşlı atasının səhhətində yaranan problemlərlə əlaqəli ola bilər. Lakin Xorxe Messinin hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb.

Xorxe Messi uzun illər Lionel Messinin əsas nümayəndəsi və meneceri kimi fəaliyyət göstərib.