Bəzi restoranlar masa bronu zamanı sifarişin dəyərindən asılı olmayaraq əvvəlcədən müəyyən etdikləri sabit məbləğdə depozit tələb edirlər.
Bu məsələ ilə bağlı Qanunvericilikdə depozit tətbiqini birbaşa tənzimləyən ayrıca norma mövcud deyil. Bununla belə, bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müqavilə azadlığı ilə bağlı müddəalarına əsaslanır. Həmin qaydalara görə, tərəflər qanunvericiliyə zidd olmayan şərtlərlə razılaşaraq müqavilə bağlaya bilərlər. Deməli, restoran və müştəri masa rezervasiyası zamanı depozit ödənilməsi barədə qarşılıqlı razılıq əldə etdikdə, bu şərt hüquqi baxımdan qəbul edilə bilər.
Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən, xidmət göstərən tərəf müştərini bütün vacib şərtlər barədə əvvəlcədən və aydın şəkildə məlumatlandırmalıdır. Buraya depozitin məbləği, hansı hallarda geri qaytarılması və ya qaytarılmaması kimi məsələlər də daxildir.
Əgər restoran bu şərtləri bron zamanı açıqlamır, lakin sonradan depozitin qaytarılmayacağını və ya başqa məhdudiyyətləri irəli sürürsə, bu, istehlakçının məlumatlandırılmaq hüququnun pozulması kimi qiymətləndirilə bilər.




