Maddələr mübadiləsini sürətləndirən 3 ədviyyat

Az yeyirsiniz, amma çəkiniz yerində sayır? Bunun səbəblərindən biri maddələr mübadiləsinin yavaş işləməsi ola bilər. Mütəxəssislərin fikrincə, üç məşhur ədviyyat kayen bibəri, zəncəfil və sarıkök maddələr mübadiləsini 5-10 faiz sürətləndirməyə kömək edə bilər. Lakin bunun üçün onların düzgün dozada və uyğun şəkildə qəbul edilməsi vacibdir.

Kayen bibəri: (acı çili bibərinin xüsusi növü) gündə 0,5-1 qram

Kayen bibərinin əsas aktiv maddəsi olan kapsaisin orqanizmdə istilik istehsalını artıraraq maddələr mübadiləsini sürətləndirir. Mütəxəssislər gündə 0,5-1 qram, yəni bıçağın ucunda qədər kayen bibəri qəbul etməyi tövsiyə edirlər. Bu ədviyyatı yeməklərə əlavə etmək məsləhətdir. Onu acqarına qəbul etmək isə mədə narahatlığı yarada bilər. Araşdırmalara görə, kapsaisin termogenezi təxminən 8 faiz artırır.

Zəncəfil: gündə 1-2 qram

Zəncəfilin tərkibində olan gingerol maddəsi həzm sistemini aktivləşdirir və enerji sərfiyyatını artırır. Gündə 1-2 qram qurudulmuş və ya 10 qram təzə zəncəfil istifadə etmək kifayətdir. Zəncəfil çayı hazırlamaq üçün bir stəkan qaynar suya bir qaşıq sürtgəcdən keçirilmiş zəncəfil əlavə etmək lazımdır. Bu çayı yeməkdən əvvəl içmək daha faydalı hesab olunur.

Sarıkök: gündə 1-3 qram

Sarıkök əsas təsiredici maddəsi kurkumindir. Onun orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün qara istiot və yağla birlikdə qəbul edilməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, qara istiotun tərkibindəki piperin kurkuminin mənimsənilməsini 20 dəfəyə qədər artıra bilər. Buna görə də zərdəçalı yağ və qara istiotla birlikdə istifadə etmək tövsiyə olunur.

Bu ədviyyatları necə birləşdirmək olar?

Ən məşhur kombinasiya sarıkök, qara istiot və yağ qarışığıdır. Zəncəfil limon və bal ilə yaxşı uyğunlaşır. Kayen bibərini isə pomidor şirəsinə əlavə etmək olar. Bundan başqa, sarıkök, qara istiot, zəncəfil və ilıq sudan hazırlanan içki də faydalı hesab olunur. Bəzi insanlar bu qarışığı süd ilə hazırlasa da, mütəxəssislər südün bəzi şəxslərdə maddələr mübadiləsini ləngidə biləcəyini qeyd edirlər. Buna görə su ilə hazırlanması daha məqsədəuyğun sayılır.

Kimlər ehtiyatlı olmalıdır?

Qastrit, mədə xorası, pankreatit və hemoroid problemi olan şəxslər bu ədviyyatlardan istifadə edərkən diqqətli olmalıdırlar. Xüsusilə kayen bibəri selikli qişaları qıcıqlandıra bilər. Mütəxəssislər istifadəyə kiçik dozalarla başlamağı tövsiyə edirlər. Həmçinin unutmaq olmaz ki, bu ədviyyatlar maddələr mübadiləsini sürətləndirsə də, kalori kəsiri olmadan arıqlamağa kömək etməyəcək.

Zəncəfil çayını nə qədər içmək olar?

Gündə 1-2 fincan zəncəfil çayı içmək məsləhət görülür. Bir ay istifadə etdikdən sonra iki həftəlik fasilə vermək tövsiyə olunur.