“Liderin gücü insanları qorxutmasında yox, onları yetişdirməsindədir…”-Vəhdət həftəsində Peyğəmbərimiz(s) haqda

“O, ən böyük lider, ən böyük rəhbər və ən böyük öndər idi…”

“Peyğəmbərimizin rəhbərliyinin təməlində qorxu deyil, mərhəmət; təkəbbür deyil, təvazökarlıq; zorakılıq deyil, hikmət; fərdiyyətçilik deyil, məşvərət dayanırdı…”

“Liderin söylədiyi sözlə gördüyü iş arasında uçurum varsa, onun rəhbərliyi gec-tez nüfuzunu itirir…”

“Liderin gücü insanları qorxutmasında deyil, onları yetişdirməsindədir…”

“Böyük rəhbər özünə bənzəyən insanları çoxaltmır; insanın daxilində olan yaxşı cəhətləri üzə çıxarır və onu öz potensialının ən yüksək səviyyəsinə çatdırır…”

“Böyük rəhbər ona görə böyükdür ki, onun yanında güclü olan da, zəif olan da haqqını itirməkdən qorxmur…”

“Əsl liderə xas maddələri bir bütöv kimi götürsək, dünyanın ən müvəffəqiyyətli liderinin Hz. Məhəmməd (s.ə.s.) olduğunu görərik…”

(Vəhdət həftəsi münasibətilə)

Məlum olduğu kimi, bu günlər İslam aləmində Mövlud və Vəhdət ovqatının yaşandığı əziz günlərdir. İslam tarixi ilə rəbiül-əvvəl ayının 12-dən 17-dək(25-30 avqust)  bir sıra müsəlman ölkələrində Vəhdət həftəsi kimi qeyd olunan bu günlər Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın (s.ə.s.) mübarək mövludunu yad etməklə yanaşı, İslam ümmətinin birlik, qardaşlıq və həmrəylik ideyalarını da ön plana çıxarır.

Mövlud həftəsi münasibətilə İslam aləmi bəşəriyyətə rəhmət, mərhəmət və əxlaq nümunəsi olaraq göndərilmiş Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın (s.ə.s.) mübarək doğumunu yad edir. Onun dünyaya gəlişi yalnız müsəlmanların deyil, bütün insanlığın mənəvi tarixində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Çünki O, insanları cəhalətdən elmə, zülmdən ədalətə, düşmənçilikdən qardaşlığa, mərhəmətsizlikdən mərhəmətə çağırdı. Mövlud günləri bizə Peyğəmbərimizin (s.ə.s.) həyatını, əxlaqını və insanlara rəhbərlik edən örnək davranışlarını yenidən xatırlamaq üçün gözəl fürsət verir. Onun həyatına nəzər saldıqca isə bir daha anlayırıq ki, O, ən böyük lider, ən böyük rəhbər və ən böyük öndər idi…

Moderator.az Vəhdət-Mövlud həftəsi münasibəti ilə hazırlanmış aşağıdakı materialı dəyərli oxucuların diqqətinə çatdırır:

İnsanlıq tarixində elə şəxsiyyətlər var ki, onların adı yalnız bir dövrü deyil, əsrləri, hətta qitələri aşır. Elə şəxsiyyətlər də var ki, onların qoyduğu iz zaman keçdikcə silinmir, əksinə, hər yeni nəsil həmin izə yenidən baxaraq öz dövrünün suallarına cavab axtarır.

Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam belə nadir şəxsiyyətlərdəndir.

O, yalnız bir dini təbliğ edən peyğəmbər deyildi. O, insan yetişdirirdi, cəmiyyət qururdu, insanlar arasında ədaləti bərqərar edirdi, düşmənçilikləri barışa çevirirdi, ailə münasibətlərinə yol göstərirdi, yoxsulun, yetimin, kimsəsizin haqqını qoruyurdu, dövlət və ictimai münasibətlərdə məsuliyyət nümunəsi göstərirdi.

Və bütün bunları özünü insanların fövqündə görmədən edirdi.

Əksinə, Qurani-Kərim Onun haqqında buyurur ki, Allahın mərhəməti sayəsində insanlara qarşı yumşaq davranmışdı; əgər sərt və daşürəkli olsaydı, insanlar Onun ətrafından dağılıb gedərdilər. Həmin ayədə bağışlamaq, insanlar üçün bağışlanma diləmək və mühüm işlərdə onlarla məsləhətləşmək də əmr edilir.

Deməli, Peyğəmbərimizin rəhbərliyinin təməlində qorxu deyil, mərhəmət; təkəbbür deyil, təvazökarlıq; zorakılıq deyil, hikmət; fərdiyyətçilik deyil, məşvərət dayanırdı.

Əsl lider əvvəlcə öz dediyini özü yaşamalıdır…

Liderin söylədiyi sözlə gördüyü iş arasında uçurum varsa, onun rəhbərliyi gec-tez nüfuzunu itirir.

Peyğəmbərimizin (s.ə.s.) həyatının ən mühüm xüsusiyyətlərindən biri də məhz bu idi: O, insanlardan tələb etdiyini əvvəlcə özü yaşayırdı.

Qurandakı “Əgər Allahı sevirsinizsə, mənə tabe olun…” çağırışı da Peyğəmbərin nümunəsinin müsəlman həyatındakı mərkəzi yerini göstərir.

O, insanlara “səbir” deyib özü səbirsiz davranmadı…

“Ədalət” deyib yaxınlarına güzəşt etmədi.

“Təvazökarlıq” deyib özünü insanların fövqündə tutmadı.

Bağışlamaqdan danışıb kin saxlamadı…

Əksinə, Onun həyatı dediklərinin canlı izahına çevrildi…

Bu mənada Peyğəmbərimiz (s.ə.s.) yalnız “nə etmək lazımdır?” sualına cavab vermirdi. Özü ilə birlikdə “bunu necə etmək lazımdır?” sualının da cavabını göstərirdi.

Liderin gücü insanları qorxutmasında deyil, onları yetişdirməsindədir…

Uğurlu rəhbər ətrafına yalnız icraçılar toplamır, O, insan yetişdirir…

Peyğəmbərimizin (s.ə.s.) böyük missiyasının ən mühüm nəticələrindən biri də məhz bu idi. O, bir-birindən fərqli xarakterlərə, qabiliyyətlərə və keçmişlərə malik insanları yetişdirərək onları bir məqsəd ətrafında birləşdirdi.

Əbu Bəkrin sədaqəti, Ömərin ədaləti, Osmanın həyalılığı və səxavəti, Əlinin elmi və cəsarəti, Bilalın imanı, Salman Farsinin axtarış ruhu, Əbu Zərrin haqq duyğusu – bütün bunlar eyni məktəbin müxtəlif təzahürləri idi.

Deməli, böyük rəhbər özünə bənzəyən insanları çoxaltmır; insanın daxilində olan yaxşı cəhətləri üzə çıxarır və onu öz potensialının ən yüksək səviyyəsinə çatdırır…

O, insanları tanıyırdı…

Əsl lider üçün “hamıya eyni münasibət” heç də hamıya eyni söz demək deyil.

Çünki insanların ehtiyacları, qabiliyyətləri, xarakterləri və problemləri müxtəlifdir.

Peyğəmbərimiz (s.ə.s.) də insanlara onların vəziyyətini nəzərə alaraq yanaşırdı. Birinə elm öyrədərkən, digərinə səbir aşılayır, başqa birinin səhvini düzəldərkən onu insanların qarşısında alçaltmırdı…

Bu, rəhbərliyin mühüm sirridir: insanı dəyişdirmək istəyən əvvəlcə onu anlamalıdır.

Bu gün idarəçilik elmində emosional zəka, empatiya, komanda idarəçiliyi, motivasiya və insan resurslarının inkişafı kimi anlayışlardan danışılır. Halbuki Peyğəmbərimizin (s.ə.s.) həyatına baxdıqda bütün bunların insanı insan kimi görmək prinsipinin ətrafında birləşdiyini görürük.

Məşvərət zəiflik deyil…

Müasir rəhbərlik nəzəriyyəsində qərarvermə prosesinə komandanın cəlb edilməsi mühüm prinsip sayılır.

Qurani-Kərim isə əsrlər əvvəl Peyğəmbərimizə (s.ə.s.) mühüm məsələlərdə insanlarla məşvərət etməyi bildirirdi. Eyni ayədə qərar verildikdən sonra Allaha təvəkkül etmək əmr olunur.

Burada olduqca incə bir idarəçilik fəlsəfəsi var:

Məşvərət – qərarsızlıq deyil.

Qərar – təkəbbür deyil.

Təvəkkül – fəaliyyətsizlik deyil…

Əvvəl düşünmək, məsləhətləşmək, sonra qərar vermək və nəticəni Allaha həvalə etmək…

Peyğəmbərimizin (s.ə.s.) rəhbərlik modelində bu ardıcıllıq aydın görünür.

Ədalət – rəhbərliyin onurğasıdır

Rəhbərliyin ən ağır imtahanlarından biri özünə yaxın olan insanlarla başqaları arasında seçim qarşısında qalmaqdır.

Ədalət məhz burada başlayır.

Quranda Peyğəmbərə (s.ə.s.) insanlar arasında hökm verərkən ədalətli olmaq əmr edilir və Allahın ədalətli davrananları sevdiyi bildirilir.

Ədalət yalnız məhkəmə salonunda tətbiq olunan prinsip deyil…

Ədalət ailədədir…

Ədalət idarəçilikdədir.

Ədalət ticarətdədir.

Ədalət dostluqda və düşmənçilikdədir.

Ədalət insanın özünə qarşı belə dürüst olmasındadır…

Böyük rəhbər ona görə böyükdür ki, onun yanında güclü olan da, zəif olan da haqqını itirməkdən qorxmur.

O, qarşıdurmanı belə hikmətə çevirirdi

İnsanları idarə etmək asandırmı?..

Xeyr.

İnsanların bir-birinə qarşı yığılan qəzəbini, intiqam hissini, qəbiləçilik duyğusunu, sosial ayrı-seçkiliyi və mənfəət savaşını aradan qaldırmaq isə bundan qat-qat çətindir.

Peyğəmbərimiz (s.ə.s.) belə bir cəmiyyətin içində öz missiyasını həyata keçirirdi.

Quranda pisliyin ən gözəl şəkildə dəf edilməsinin düşmənçilik edən insanı belə yaxın dosta çevirə biləcəyi bildirilir.

Bu, sadəcə gözəl əxlaq qaydası deyil.

Bu, eyni zamanda böyük bir ictimai idarəçilik prinsipidir.

Çünki qisas qisası, nifrət nifrəti, təhqir təhqiri doğurur.

Mərhəmət isə bəzən düşmənin belə vicdanına yol tapır.

Ən böyük liderliyin ölçüsü: insanlara xidmət…

Peyğəmbərimiz (s.ə.s.) rəhbərliyi imtiyaz kimi deyil, məsuliyyət kimi yaşayırdı.

O, insanların arasında idi…

Onların sevincini də, dərdini də bölüşürdü.

Yoxsulu görür, yetimi qoruyur, kimsəsizin haqqını müdafiə edir, ailə münasibətlərində mərhəməti və yaxşı rəftarı önə çəkirdi.

Böyük rəhbərlik insanlardan uzaqlaşaraq yüksəlmək deyil…

İnsanların dərdinə yaxınlaşaraq ucalmaqdır.

Bəlkə də buna görə Onun rəhbərliyi yalnız öz dövründə yaşayan insanlara təsir etmədi. Əsrlər sonra belə milyardlarla insan Onun həyatını özünə örnək hesab edir.

Onun prinsipləri niyə “qocalmır”?..

Əsl liderin irəli sürdüyü prinsiplər yalnız bir dövrün problemini həll edirsə, həmin prinsip tarixi əhəmiyyət daşıya bilər, amma əbədi rəhbərlik nümunəsinə çevrilməz.

Peyğəmbərimizin (s.ə.s.) gətirdiyi əxlaqi prinsiplər isə zaman keçdikcə köhnəlmir.

Çünki insan dəyişsə də, insanın əsas mənəvi ehtiyacları dəyişmir.

İnsan yenə ədalət istəyir.

Yenə mərhəmətə ehtiyac duyur.

Yenə ailədə sədaqət axtarır.

Yenə dürüst rəhbər arzulayır.

Yenə zülmdən qaçır.

Yenə mənəvi dayağa ehtiyac duyur.

Ona görə də Peyğəmbərimizin (s.ə.s.) həyatına yalnız VII əsrin tarixi hadisəsi kimi baxmaq Onu anlamağın ən mühüm tərəfini gözdən qaçırmaqdır.

Onun gətirdiyi əxlaq və rəhbərlik prinsipləri bu gün də insanın, ailənin, cəmiyyətin və idarəçiliyin qarşısında duran bir çox fundamental məsələyə toxunur.

(Davamı var) 

Qeyd:

Mətn hazırlanarkən  Qurani-Kərimin xüsusilə Ali-İmran 3:159, Maidə 5:42, Ali-İmran 3:31 və Fussilət 41:34 ayələrinin məzmunundan və Meneviyyat.az saytının “O (s.ə.s) əsl lider idi” başlıqlı materialından istifadə edilib.