Türkiyə ilə Rusiya arasında münasibətlər Ankaranın ABŞ silahlarının Ukraynaya göndərilməsi üçün Vaşinqtona təhvil verilməsi ilə bağlı mümkün qərarı fonunda soyuma mərhələsinə qədəm qoya bilər.
Bu barədə Türkiyənin “Ekonomim” qəzeti yazıb.
Nəşrin müşahidəçilərinin fikrincə, Türkiyənin NATO üzvlüyünü Moskva ilə sıx dialoqla uzlaşdırmasına imkan verən əvvəlki balans artıq öz aktuallığını itirir. Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla qarşıdurmada maraqlı deyil. Bu isə Ankaranı xarici siyasət kursuna yenidən baxaraq Vaşinqtona yaxınlaşmağa sövq edə bilər.
Məqalədə qeyd olunub ki, ABŞ silahlarının Ukraynaya ötürülməsi Türkiyənin özünün müdafiə imkanlarını zəiflədə bilər. Çünki ölkənin arsenalında olan bəzi sistemlər xaricə göndəriləcək. Digər tərəfdən, belə addım Ankara-Moskva münasibətlərinə ciddi zərbə vura bilər.
Ekspertlər hesab edirlər ki, belə qərar təkcə Türkiyənin müdafiə qabiliyyətinə təsir göstərməyəcək, həm də ölkənin geosiyasi mövqelənməsi üçün ciddi risklər yaradacaq.
Qeyd edək ki, Moskva ABŞ silahlarının Ukraynaya ötürülməsi ilə bağlı Türkiyədən açıqlama istəyib. Lakin hazırda Rusiyanın bu müraciətinə heç bir cavab verilməyib.



