I Aram da narahat oldu: İrəvana gəlmək istəyir

Böyük Kilikiya Evinin katolikosu I Aram Ermənistanın ictimai-siyasi həyatında yaranmış qeyri-sağlam atmosferi aradan qaldırmağa çağırıb.

O, bu barədə sosial şəbəkədə Kilikiya Katolikosluğunun rəsmi səhifəsində yazıb.

“Müqəddəs Eçmiədzin və Milli Məclis kimi millət üçün mühüm strukturlarda baş verənlər xüsusi qınağa layiqdir”, – deyən katolikos erməni dilində onun ağrısını və qəzəbini ifadə etmək üçün sözlər olmadığını deyib.

“Hər yerdə fikir ayrılıqları var, lakin məsələnin həllinə nail olmaq üçün sakit bir atmosferdə müzakirə edilməlidir”, – I Aram deyib.

O, 6 ilə yaxındır ki, Ermənistana səfər etmədiyini, lakin son vaxtlar ölkədə alovlanan ehtirasları sakitləşdirmək üçün ora getməyi tez-tez düşündüyünü qeyd edib.

“Lakin hazırkı hadisələr, o cümlədən silsilə həbslər belə bir qərarın qəbul edilməsinə kömək etmir”, – deyə o əlavə edib.

“Bununla belə, mən hər an vətənimə gəlməyə, Ermənistanda yaranmış çətin vəziyyətdən çıxış yollarını axtarmaq üçün bütün ermənilərin katolikosu II Qaregin, baş nazir Nikol Paşinyan və digər məsul şəxslərlə məsləhətləşməyə hazıram”, – Aram bildirib.

Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə son dərəcə sərt bəyanatlar və yüksək rütbəli ruhanilərə qarşı ittihamlar səsləndirməsindən sonra kəskinləşib. Daha sonra o, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, bu prosesdə dövlətin həlledici rol oynayacağını irəli sürüb. İyunun 25-də arxiyepiskop Baqrat Qalstanyan genişmiqyaslı axtarışlardan sonra həbs edilib.