Hüseyn və Ziyəddin Səfərovların cənazələri Bakıya gətirildi

Yekaterinburqda iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqını nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Bakıya gətirilib.

Səfərov qardaşlarının nəşi bu gün günorta saatlarında Rusiyada ailələrinə təhvil verilib.

Onların nəşi saat 20:25-də hava yolu ilə ölkəyə gətirilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Seyfəddin Hüseynli bildirib ki, Bakıda meyitlərin təkrar ekspertizası təşkil ediləcək.

“Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda ata-anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – o bildirib.