İnsan yaşlandıqca həyata baxışları dəyişir. Fərqli anlayışlar əhatəsində olur. Bu da psixoloji durumlardan asılı olur. Psixoloji durumlar da həyati yaşantıların yaratdığı daxili dünyadır.
İnsanlar bu dünyanı özləri idarə etdiklərini düşünürlər. Əslində belə deyil. Kənar təsirlər orada da təlatümləri əksik etmir. Yaşlandıqca bu təlatümlər azalsa da, bizi tərk etmir.
Əsasən 40 yaşdan sonra müalicələrdən asılılıq başlasa da, səbr, anlayış, təcrübə və öyrəntilər yaşayışımızı asanlaşdırır.
İnsan yaşamına firavanlıq gətirən əsas amil də gözü tox olmasıdır. “Gözün doymaması”, şükür etməyi bacarmamaq bir çox yaşlılarda da olur. Bu isə həyatda xoşbəxt olmağın yolunu kəsir.
Nə edək? Təəssüf ki, bunun çarəsi yoxdur. Varlığımızın mənəvi durumlarının himayəsindən asılıyıq.
Həyatı öyrənib dəyişən insanlar çox az tapılar. Əsrlər boyu psixoloji durumlarla mübarizələr insanın mənəviyyatını dəyişmir. Bir az rahatlıq tapmaq da müvəqqəti olur.
Mənim fikrimcə, hər bir xarakterli insanın yaşam dünyasını daim fəaliyyətdə olmaq qoruyur və asanlaşdırır. Boş qalan hər bir dəqiqə problemləri yada salır. Bu isə hər tip insana xoşluq gətirmir.
Problemləri fikirləşmək yox, həll etməklə məşğul olmalıyıq – hər yaşda, hər insanla…
O zaman ümidlər itmir, inam yaşayır, bədbəxtlik itir…
Günah hər gün var, hər yaşımızda var; bizi yandırdığı günlər də, bunlar arasında gizləndiyi günlər də var. Hər halına öyrəşib yaşayırıq… Bizim də hər halımızı gözəl əməllərimiz yaşatsın.
Sənubər Səhər




