Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
Azərbaycan Güləş Federasiyasında xəbər verilir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışın yeddinci günündə həlledici mərhələyə vəsiqə qazanıb.
O, debütdə hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.
H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.
Digər təmsilçilərdən Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya 11:1, hindistanlı Ronak Ronaka 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa uduzan (1:4) güləşçi bürünc medal uğrunda mübarizə aparacaq.
İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə məğlub olub. Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini 11:0 hesabı ilə vaxtından əvvəl sıradan çıxarsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə uduzub (8:19).



