Gənc ifaçı Altun Süleymanovdan Qarabağ Marşı — Cavanşir Quliyevin etimadını doğruldan səsləndirmə – VIDEO

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Cavanşir Quliyev tərəfindən gənc vokal ifaçısı Altun Süleymanova xüsusi olaraq hədiyyə edilən “Qarabağ Marşı” artıq yeni səsləndirmədə ictimaiyyətə təqdim olunub.

Xalqımızın qürur simvoluna çevrilmiş, məşhur “Fəryad” bədii filmindən tanıdığımız bu əsər, bu dəfə gənc vətənpərvər ifaçının səsində yeni nəfəs qazanıb. Səs yazısı peşəkar studiya şəraitində həyata keçirilib və müəllifin — Cavanşir Quliyevin bəyənməsi və razılığı ilə yayımlanıb.

Qarabağ Marşı, illərdir xalqımızın yaddaşında qələbə əzmini, vətən sevgisini və torpaq uğrunda mübarizə ruhunu yaşadan əsərlərdən biridir. Altun Süleymanovun ifası isə bu dəyərə gənc nəslin baxışını və səsini əlavə etməklə, ənənə ilə müasirliyi bir araya gətirir.

Hazırda ifa bəstəkarın rəsmi YouTube səhifəsində yayımlanıb. Sözsüz ki, bu ifa, vətənə sevgi, Qarabağ ruhunu bir daha yaşatmaq və yeni nəsillərə ötürmək yolunda mühüm addımdır.

Qeyd edək ki, Altun Süleymanov Azərbaycan Milli Konservatoriyasının yetirməsi və ölkədə bir sıra konsert və layihələrdə fəal çıxışları ilə tanınır.

Qarabağ Azərbaycandır!