Yuxunuz şirin olsun
Bir neçə gün əvvəl qonaq olduğum bir ailədə hamı yuxudan həmişəkindən də tez oyanmışdı. Ailənin cavan mütəxəssis olan sahibi həmin gün saat 7-dək işdə olmalı idi. Süfrə arxasında ağlıma gəldi, dedim ki, kaş iş hər gün səhər saat 7-də başlayaydı, bu çox yaxşı olardı. Ev sahibi qayıtdı ki, Estoniyada belədir, biz onlarla işbirliyində olmuşuq, orada iş səhər saat 7-də başlanır və axşam 16-da bitir.
Bu məlumat marağıma səbəb oldu. İnternetdə bu barədə nə yazıldığını bilmək üçün axtarış apardım, iş vaxtı barədə konkret bir yazı tapmasam da, Estoniya haqqında müəyyən bir bilgim oldu – bir hissəni buraya yerləsdirirəm:
-Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir.
-Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür.
-Estoniya 29 mart 2004-cü il tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa İttifaqının üzvüdür.
-Keçmiş SSRİ respublikaları arasında Estoniya adambaşına düşən ən yüksək Ümumi Daxili Məhsula malik ölkədir.
-BMT Estoniyanı artıq bir neçə il əvvəldən yüksək səviyyəli İnsan inkişafı indeksinə malik olduğuna görə “İnkişaf etmiş ölkələr” qrupuna daxil edib.
Bu və digər məlumatlar məni düşündürdü və məşhur atalar sözünü xatırlatdı mənə: “Yuxudan tez duran və tez evlənən uduzmaz!”
Kəlamın ikinci hissəsi haqqında qəti bir fikir söyləmək çətin olsa da, birinci hissəsi ilə yüz faiz razıyam. Yuxudan tez qalxmağın həqiqətən cox faydasi olduğunu təsdiq edə bilərəm. Estonlarin bu uğurunun bir səbəbi də, çox güman ki, onların yuxu rejiminə ciddi əməl etməsi ilə bağlıdır: yəqin, onlar gecə vaxtında yatirlar ki, səhər də vaxtında dura bilirlər, ona görə də canları sağlam olur və məhz buna görə də iş qabiliyyətləri yüksək olur.
Sağlam olmaq istəyiriksə, orqanizmin yuxuya olan ehtiyacına laqeyd qalmaq olmaz, ən azı 6 saat yuxu vacibdir.Yuxu üçün ən faydalı vaxt isə saat 22-03 arasıdır. İstisnalarsiz olmur, əlbəttə. Amma istisna ona görə istisna adlanır ki, o, qəbul olunmus ümumi qaydaların tələbinə uyğun gəlmir və zaman etibarı ilə də hərdənbir baş verir. Müntəzəm davam edən yanlış yuxu rejimi isə artıq istisna deyil, zərərli vərdişdir.
Estonlardan nümunə götürməyə dəyər, məncə. Elə isə hamınızın gecə ən geci saat 23-dən etibarən yatıb görəcəyiniz yuxular şirin olsun!



