Dünya çempionu vəfat etdi

Almaniya millisinin sabiq futbolçusu Frank Mill 68 yaşında vəfat edib.

O, avqustun 4-dən 5-ə keçən gecə ağır ürək tutmasından dünyasını dəyişib.

Mill karyerası ərzində “Borussiya Mönhenqladbax”, “Borussiya Dortmund”, “Fortuna Düsseldorf” və “Rot-Vays Oberhauzen” klublarının formasını geyinib. O, peşəkar səviyyədə ümumilikdə 647 oyunda 252 qol vurub və 47 məhsuldar ötürmə ilə yadda qalıb.

Frankın karyerasının ən böyük uğuru 1990-cı ildə dünya çempionu olmasıdır. Hərçənd, həmin mundialda meydana çıxmamışdı.

Mill həm də Almaniyanın olimpiya yığmasının tarixində ən çox qol vuran futbolçudur – 10 qol. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Elə həmin il Almaniyada keçirilən Avropa çempionatında da milli komanda ilə üçüncü yeri tutub.

Klub səviyyəsində isə “Borussiya Mönhenqladbax”la Bundesliqada bürünc, “Borussiya Dortmund”la isə gümüş medal qazanıb. “Şmellər”in heyətində həmçinin Almaniya Kubokunu qazanıb və UEFA Kubokunun finalında oynayıb.