“Cənubi Koreya hər vətəndaşa şəxsi süni intellekt köməkçisi verməyə hazırlaşır” – KİV-lər

Cənubi Koreya “Hamı üçün süni intellekt” strategiyası çərçivəsində hər bir vətəndaşın şəxsi süni intellekt köməkçisinə sahib olmasını planlaşdırır.

Bu barədə ölkənin Elm və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib. Məlumatı “vyetnam.vn” nəşri yayıb.

Seul süni intellekti gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək istəyir

Seul 2026-cı ilə qədər yerli süni intellekt əsaslı çat-bot hazırlamaq və bütün vətəndaşların süni intellekt xidmətlərinə çıxışını təmin etmək niyyətindədir. Hökumətin məlumatına görə, 2025-ci ildə ölkə əhalisinin təxminən üçdə ikisi bu xidmətlərdən istifadə edəcək.

Cənubi Koreya hesab edir ki, süni intellektdən istifadə bacarığı gələcəkdə insanların rəqabət qabiliyyətini müəyyən edəcək. Hökumət həmçinin xarici süni intellekt platformalarından asılılığın yaratdığı riskləri azaltmaq istəyir. Yeni milli çat-botun pulsuz və məhdudiyyətsiz təqdim olunması, eləcə də vətəndaşların gündəlik həyat və işlərində kömək edəcək ictimai süni intellekt köməkçisinin yaradılması planlaşdırılır.

Seul bu sahəyə böyük investisiyalar yatırır, şirkətlərə müasir qrafik prosessorlar təqdim edir və vətəndaşların süni intellekt bacarıqlarının artırılması üçün təhsil proqramlarını genişləndirir. Ekspertlərin fikrincə, süni intellekt artıq yalnız texnoloji vasitə deyil, həm də iqtisadi rəqabət, təhlükəsizlik və ölkələrin qlobal mövqeyi ilə bağlı strateji amildir.

Süni intellektlə ünsiyyətdə nəzakət kimə lazımdır

Alimlər insanların ChatGPT kimi sistemlərlə ünsiyyətini araşdırıblar. Məlum olub ki, “təşəkkür edirəm” və digər nəzakətli ifadələr süni intellektin cavablarının keyfiyyətini artırmır. Mütəxəssislər bildirir ki, əsas amil sorğunun düzgün qurulmasıdır.

Tapşırığın aydın izahı, istənilən üslubun və həcmin göstərilməsi daha yaxşı nəticə verir. Alimlər qeyd edir ki, insanlar süni intellekti canlı varlıq kimi qəbul etməyə meyllidirlər, çünki müasir dil modelləri insan nitqini uğurla təqlid edir. Lakin bu sistemlərin şüuru, hissləri və şəxsi fikirləri yoxdur.

Psixoloqlar isə hesab edir ki, süni intellekt ilə nəzakətli danışmaq yenə də faydalıdır, çünki bu, insanın öz ünsiyyət mədəniyyətini qoruyur. Ekspertlərin fikrincə, süni intellekt insanın dostunu və ya həyat qərarları verən məsləhətçini əvəz etməməli, ideyaların hazırlanması və gündəlik işlərin səmərələşdirilməsi üçün istifadə olunmalıdır.