Bir şəhid anasının hekayəsi – VIDEO

0
1404

Qarşımda bir Ana var. Üz-gözündən hüzn yağan, gözləri nəmli, kədərli, saçları ağarmış Ana… Mən ondan heç nə soruşmasam da, onun baxışları deyəcəyi çox sözü olduğunu ifadə edirdi…

Əsl Azərbaycan qadınıdır. Ziyalı bir xanımdır. Bizə özünün doğru-düzgün həyatının olduğunu söylədi.

1959-cı ildə Dəvəçi rayonunda fəhlə ailəsində doğulub Ceyran Axundova. Altı uşağın beşincisi, beş qardaşın bir bacısı. Bəlkə də elə buna görə valideyn diqqətini, qayğısını, sevgisini yaxşı dərk edir: “Kasıb ailəmiz vardı. Amma hamı zəhmətkeş olub. Oxumağımız, təhsilimiz ev işləri ilə bərabər olub. Atamın uşaqlığı müharibə dövrünə düşdüyü və ailənin qayğılarını o, çəkdiyi üçün ali təhsil almağa imkanı olmayıb. Amma daim mütaliə edib, öyrənib. Həmişə də ucadan oxuyurdu. Ulu öndər Heydər Əliyevin çıxışlarını qəzetlərdən izləyirdi, nitqlərini plenum və konfranslardakı çıxışlarını qəzetlərdən həvəslə oxuyurdu.

səhid anası ceyran ile ilgili görsel sonucu

Hamımız ali təhsil aldıq. Kitabxanaçılıq ixtisası üzrə qiyabi ali təhsil aldım. Zaman elə gətirdi ki, 1986-cı ildə ailə həyatı qurdum. Sonuncu kursda oxuyarkən ailəmlə bərabər Tatarıstana köçdük və 3 ol orada yaşadıqdan sonra Azərbaycana – Sumqayıt şəhərinə qayıtdıq.

1992-ci ildə ilk övladım Elçin, sonra isə ikinci övladım Əbdülməcid dünyaya gəldi. 1990-cı ilin əvvəllərindən Sumqayıt Mərkəzi Kitabxanasında kitabxanaçı kimi əmək fəaliyyətinə başladım. Müxtəlif illərdə ayrı-ayrı vəzifələrdə çalışdım.

1995-ci ildə Mərkəzləşdirilmiş kitabxana sisteminin komplektləşdirmə və kitab işləmə şöbəsinin müdiri təyin olundum və 2007-ci ilədək bu vəzifəni daşıdım. Sonra öz istəyimlə Sumqayıt şəhər Mədəniyyət və Turzim İdarəsinə məsləhətçi vəzifəsinə təyin etdilər. İndiyədək bu vəzifədəyəm, dövlət qulluqçusuyam. İdarəmizin tabeçiliyində 20-dək kitabxana var idi. Müəyyən səbəblərdən onların sayı azalıb. İndi 14 kitabxana, 5 musiqi məktəbi, 12 klub və mədəniyyət evi, Tarix muzeyi, Dövlət rəsm qalereyası, Heydər Əliyev Mərkəzi var. Bu müəssisələrdə 1000-ə yaxın işçi çalışır. 2017-ci ilə qədər bu işlər mənim nəzarətimdə idi. Bu dövrlərdə Regional Mədəniyyət İdarələri yaradılırdı. Sumqayıt Regional Mədəniyyət İdarəsi də 5 rayonun – Abşeronun, Xızının, Zəngilanın, Qubadlının, Şuşanın və təbii ki, Sumqayıtın əsasında yaradıldı. Burada mənimlə yanaşı 5 məsləhətçi də çalışır.

Həmişə öz üzərimdəki məsuliyyəti dərk etmişəm və hazırda da gənc kadrlara bildiklərimi öyrədir, onların ixtisaslaşması sahəsində əlimdən gələni edirəm. Mənə tapşırılan işi layiqincə görməyə çalışıram. Bütün bunların nəticəsi kimi 2016-cı ildə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Daim kollektivin diqqət və qayğısı ilə əhatə olunmuşam”.

Ceyran ana oğlu Əbdülməcidin qəhrəmanlığından, fərdi cəhətlərindən danışır, eləcə də indiyə kimi belə izdihamlı şəhid dəfni görmədiyini deyir. O, oğlu Abdulməcid Nadirşah oğlu Axundovun dəfni günü insan seli içərisində yaşlı bir adamın sözünü bugünə qədər unutmadığını söyləyir:

“ Əbdülməcidi xalq çiynində, piyada aparırdı. Onların arasında yaşlı bir kişiyə təklif ediblər ki, piyada yox, maşınla getsin.O isə cavabında “ölsəm qoy elə şəhid Abdulməcidin getdiyi bu yolda ölüm”, – deyib.

“ Əbdülməcidi Sumqayıtda da, əsli-nəslinin göz açdığı Dəvəçidə də kim tanımır ki? Onun qəhrəmanlığı hər iki məkana başucalığı gətirib”, deyirlər. Şəhid anası tez-tez əli qoynunda dayanır. Sanki Abdulməcidin gəlişini gözləyir indi də hər zaman olduğu kimi. Axı o bugünə kimi oğlunun yoxluğunu qəbul etmir. Mənimlə söhbəti zamanı Abdulməcid üçün “Allah rəhmət eləsin” kəlməsini deyən olanda əsəbləşdiyini deyir. Məğrur ana oğlunun ölməzliyi qəbul edib. Gözündə kədər hökm sürən ana əslində haqlıdır…

“Oğlum Azərbaycan Texniki Universitetni bitirmişdi. Tələbə yoldaşları onun haqqında elə fəxarətlə, qürurla danışırdılar ki, elə bildim ki, oğlum sağdır, ömrünü Vətən yolunda fəda etməyib. Və ardınca da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhidlərə, Aprel döyüşlərində canını fəda edən oğullarımıza verdiyi dəyəri dilə gətirir: “Hörmətli Mehriban xanım Əliyeva şəhid anaları ilə görüşlərinin birində belə bir fikir səsləndirmişdi: “Şəhid anaları QƏHRƏMAN ANALARDIR!”.

Mənim Əbdülməcidim də digər şəhidlər kimi ölməzlik zirvəsindədir… Göz yaşları icində gizlətməyi bacaran ana nə biləydi ki, oğlunun şəhidliyi onun nə vaxtsa yaşadığı xoşbəxt dünyasını bir anlığın içərisndə zülmətə çevirəcək. Oğlunun qara xəbəri alan ana ilk olaraq xəbərin doğruluğuna inanmırdı… Amma bu xəbər doğru idi. Bir neçə gün əvvəl boynunu qucaqlayıb yola saldığı oğlunu bayraqla qarşılamaq qisməti idi. Təsadüfi deyil ki, Abdülməcid Axundov apreldə döyüşə yollanarkən anası ilə son görüşü zamanı demişdi : “ Narahat olma, ana. Uzağı səni şəhid anası edəcəyəm”.

Cəmi bir neçə gün əvvəl oğlunun boynunu qucaqlayan ana bu dəfə onun bayrağa bükülü tabutunu qucaqladı… Səhər tezdən bayrağa bükülmüş tabut artıq həyətdə idi. İnsan seli şəhidlə vida üçün onun evinə axışırdı. Ana həyatında ilk dəfə idi ki, bu qədər insanı toplu halında görürdü. Bəli, şəhidləri müqəddəs edən bir məqam da elə budur. İnsanları birliyə çağırmaq…

Oğlu ilə son vida görüşündən danışan ana bugünə kimi onun yoxluğunu qəbul etmədiyini deyir:

“Əbdülməcidi bayrağa büküb, gətirəndə donub qalmışdım. Həyətimiz insanla dolmuşdu. Tanımadığım adamlar həyətdə dolu idi… Bu 4 il mənim üçün sanki bir ay kimi gəlib keçib. Hər gün onun gəlişini gözləyirəm. Arada çıxıb, küçə qapısına baxıram. Deyirəm, bəlkə gəlib orda dayanıb. Beləcə ümidlə günümü keçirirəm…”

Söhbətimizin ağır keçməsinə baxmayaraq şəhid anası sabaha çox ümidlidir. Axı onun Elçin adlı bir oğlu da var. O oğul ki nə vaxtsa qardaşının qisasını alacağını deyir.

Ceyran xanım deyir ki, hazırda çalışdığı kollektiv onun xətrini çox istəyir, onu darıxmağa, xiffət etməyə qoymur…

Bu qayğıdan sanki ruhlanıram, yaşamaq və şəhid oğlumun ruhunu yaşatmaq üçün. Çünki xalqımdan, dövlətimdən əvvəl özüm onu yaşatmalıyam. Nə iş görürəmsə, hansı tədbiri həyata keçirirəmsə, onun adına bağlayıram, deyir Ceyran xanım: “Qısa zaman kəsiyində onun üçün Nigar İsmayılqızı ilə birlikdə film çəkdirdim: “Ölsəm, yaşat!” Təəssüf ki, oğlum haqqında film çəkən, kitab yazan bu xanımı da tez itirdik.səhid anası ceyran ile ilgili görsel sonucu

Ad günü və anım günü ilə bağlı çoxlu maraqlı tədbirlər təşkil etmişik. Kollektivimiz də bütün şəhidlərlə, o cümlədən oğlum Əbdülməcidlə bağlı tədbirlər keçirir, onları anır. İdarəmizin müdiri Mehman Şükürov oğlanla bağlı filmin çəkilməsini təklif etdi və filmin yüksək səviyyədə alınması üçün əlindən gələn köməkliyi əsirgəmədi. Oktyabrın 15-də bədii-sənədli filmin ilk təqdimatı Sumqayıt Dövlət Dram Teatrında, bu il aprelin 2-də isə Bakıda – Nizami Kino Mərkəzində keçirildi. Film artıq bir sıra hərbi hissələrdə nümayiş etdirilib. diskləri var, youtubedə yerləşdirilib.

Və sonda onu demək istəyirəm ki, körpə vaxtımdan qayğı gördüyüm halda sonrakı illərdə, xüsusən də 1990-cı illərdə çox əziyyət gördüm, çətin dolanışıqla üzləşdim. Amma heç kəsdən kömək ummadım, öz zəhmətimlə müəyyən işlər gördüm ki, uşaqlarım ac-susuz qalmasın. Oğlum Vətən yolunda şəhid olubdur. Bunu da əlimdə bayraq edib gəzmədim. Hazırda gəlinim, nəvəm var. Məni yaşadan onlardır, bir də Əbdülməcidin ruhu… Onun ruhu isə daim başımızın üstündədir!..

Avqustun 15-də Ceyran xanımın 60 yaşı oldu. Ad gününü qeyd edə bilməyən yüzlərlə şəhid anasından biri kimi, öz səbri, dəyanəti işgüzarlığı, mehribanlığı, səmimiyyəti ilə qəhrəman şəhid oğlunun ruhunu ucalıq və şadlıq zirvəsində qoruyan Ceyran xanım Axundovaya bu həyatda yanında olan, ona dəstək olan oğlu və ailəsi ilə birlikdə Allahın böyük səbrindən heç bir zaman uzaq düşməməyi, canının və ruhunun sağlamlığını, arzularını və ümidlərini qoruyub saxlamağını diləyirik.

İctimai Nəzarət Koalisiyasının və Sabitlik İnkişaf Mərkəzinin Qadınlar şurasının sədri Ceyran xanım bu ictimai birliklərin sıralarındakı şəhid analarının hər biri kimi fəal ictimai fəaliyyəti ilə də fərqlənir. İNK-nın göz bəbəyi kimi qorumağa çalışdığı bu analar şəhidlərimizin qəhrəmanlığının gündəlik həyatımızdakı davamçılarıdır.

İctimai Nəzarət Koalisiyasının da Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzinin də bütün kollektivi və üzvləri Ceyran Axundovanı geniş ürəyini, zəhmətkeşliyini, dəyanətini yüksək qiymətləndirir və bütün gözəl arzularının ünvanında Ceyran xanımın da sevimli və dəyərli yerini qorumağa çalışır.

“ictimaixeber.az”