Bakı və İrəvan arasındakı sazişə Moskvadan reaksiya: Ehtiyatlı nikbinlik nə deməkdir?

Rusiya Azərbaycan və Ermənistanın parafladığı sazişə ehtiyatlı nikbinliklə yanaşır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun sessiyasında deyib.

“Biz Ermənistan və Azərbaycan arasında paraflanmış sazişə çox ehtiyatlı nikbinliklə baxırıq. Bu, həm də bizim böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir”, – o deyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan ABŞ-a 99 il müddətinə marşrutun inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verəcək bu marşrut üzrə Azərbaycan Naxçıvanla quru əlaqəsi qurmağı nəzərdə tutur. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.

Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı birgə müraciət də imzalayıblar.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin rəhbərləri də gələcək sülh sazişinin mətnini paraflayıb və sonra dərc ediblər.