Yay mövsümünün başlaması ilə Azərbaycanın turizm bölgələrinə üz tutan ailələrin sayı artır. Lakin istirahət planlaşdıran vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də xərclərin həcmi ilə bağlıdır.
4 nəfərlik ailənin (2 böyük, 2 uşaq) Quba, Qəbələ, Şəki, İsmayıllı və Qax kimi turizm rayonlarında 2 günlük istirahəti orta hesabla 400-1200 AZN arasında dəyişir.
Xərclərin əsas hissəsini yerləşdirmə təşkil edir. Bölgələrdə ailə otağı təklif edən hotellərdə bir gecəlik qiymətlər adətən 100-300 AZN arasında dəyişir. Bu isə 2 gecəlik qalma üçün 200-600 AZN xərc deməkdir. Kirayə evlərdə isə qiymətlər nisbətən münasibdir. Ailələrin qala biləcəyi evlərin gündəlik kirayə haqqı əsasən 50-200 AZN arasında dəyişir. Daha komfortlu, hovuzlu villa və kotteclərdə isə qiymətlər 250-500 AZN və daha yüksək ola bilir.
Qidalanma xərcləri də büdcədə mühüm yer tutur. Restoranlarda qidalanan ailələr üçün 2 günlük yemək xərci təxminən 100-250 AZN təşkil edir. Kirayə evdə qalan və yeməyi özləri hazırlayan ailələr isə ərzaq üçün orta hesabla 50-100 AZN xərcləyirlər.
Nəqliyyat üçün şəxsi avtomobildən istifadə edən ailələr yanacaq və digər xərclərə görə 50-150 AZN ödəməli olurlar. Bundan əlavə, kanat yolu, əyləncə mərkəzləri, attraksionlar və digər istirahət xidmətləri üçün 50-200 AZN arasında əlavə xərc tələb oluna bilər.
Beləliklə, bölgələrdə kirayə ev seçən ailələr üçün 2 günlük istirahət təxminən 250-500 AZN-ə, hotel seçənlər üçün isə 400-1200 AZN-ə və ya daha artıq məbləğə başa gələ bilər. Məhz bu səbəbdən son illər bir çox ailə daxili turizmlə yanaşı, xarici istiqamətlərdəki tur paketlərini də müqayisə edir.




