Son günlər sosial şəbəkələrdə və bir sıra media resurslarında Azərbaycan Nəşriyyatının təmirə bağlanması, sökülməsi və guya satılması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Sayt rəhbərləri, yazarlar, bloqerlər və bəzi QHT nümayəndələri bu prosesə bəzən emosional, bəzən isə qeyri-obyektiv yanaşmalar sərgiləyirlər. Mən isə bu mövzuda mövqeyimi, məsələni yaxından bilən və bu binada uzun illər fəaliyyət göstərmiş bir şəxs kimi ictimaiyyətlə bölüşməyi vacib hesab edirəm.
Artıq 10 ildən çoxdur ki, Azərbaycan Nəşriyyatında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) və Sabitlik və İnkişaf Mərkəzinin (SİM) qərargahları yerləşir. Bu müddət ərzində mən Rasim Məmmədov bu təşkilatların rəhbəri kimi həmin məkanda öz vəsaitimiz hesabına xeyli təmir və abadlıq işləri aparmışıq. Buna baxmayaraq, bina bütövlükdə 48 il ərzində əsaslı təmir görmədiyi üçün uzun illər jurnalistlər və bloqerlər tərəfindən haqlı olaraq tənqid edilirdi.
Bu gün isə illər boyu qınaq obyektinə çevrilmiş bir binanın əsaslı təmirə bağlanması nədənsə bəzilərində kəskin narazılıq doğurur. Bu yanaşma mənə anlaşılan deyil.
Azərbaycan Nəşriyyatı 1978-ci ildən etibarən ölkənin informasiya həyatında xüsusi yer tutub. Sovet dövründə bu bina faktiki olaraq SSRİ-nin “İTAR-TASS” strukturu ilə müqayisə edilə biləcək səviyyədə, dövlətin əsas media və ideoloji mərkəzlərindən biri olub. İctimai rəyin formalaşmasında, müxtəlif tarixi mərhələlərdə – dirçəliş, anarxiya, müstəqillik dövründə – Azərbaycan Nəşriyyatının misilsiz xidmətləri var. Bu divarlar arasında çoxsaylı görkəmli jurnalistlər, ziyalılar və ictimai xadimlər yazıb-yaradıb.
Xüsusilə bir məqamı qeyd etməyi vacib hesab edirəm. 2005-ci ildən etibarən, Ramiz Mehdiyev və Əli Həsənovun yüksək vəzifələrdə olduğu dövrdə Azərbaycan Nəşriyyatına məxsus hektarlarla ərazi faktiki olaraq bu binanın balansından çıxarılaraq, orada iri biznes strukturlarına məxsus çoxmərtəbəli ofis binaları inşa olundu. Həmin proses zamanı nə Azərbaycan Nəşriyyatının tarixi missiyası, nə də mətbuat işçilərinin maraqları əsas götürüldü.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, o illərdə mətbuat bu məsələyə demək olar ki, toxunmadı. Halbuki söhbət təkcə bina yox, Azərbaycan mətbuatının simvolik mərkəzinin torpaq sahələrinin əlindən alınmasından gedirdi. Bunun səbəbi də aydındır: həmin dövrdə medianın böyük bir hissəsi məhz Əli Həsənovun kurasiyasında formalaşmış media mühitinin təsiri altında idi.
Bu gün isə tamam fərqli mənzərə ilə üz-üzəyik. İslahatçı yanaşma çərçivəsində, illərlə baxımsız qalmış, köhnəlmiş, istismar müddətini çoxdan başa vurmuş bir binanın yenidən qurulması, müasir standartlara uyğunlaşdırılması həyata keçirilir. Lakin təəssüf ki, bu proses bəzi media nümayəndələri tərəfindən qeyri-səmimi tənqidlərə məruz qalır.
Mən bu yanaşmanı nə ədalətli, nə də obyektiv hesab edirəm.
Bir QHT rəhbəri kimi açıq şəkildə bildirirəm: Azərbaycan Nəşriyyatında aparılan əsaslı təmir işlərini dəstəkləyir və alqışlayıram. DAMM və SİM İB mərkəzlərinin ayrıca təmirə ehtiyacı olmasa belə, ümumi binanın estetik görünüşünün, funksionallığının və tarixi simasının qorunması naminə bu addımı düzgün və zəruri hesab edirəm.
Əminəm ki: Mətbuat prospektinin adı dəyişməyəcək, mətbuata və jurnalistlərə hörmətsizlik edilməyəcək, təmirdən sonra burada qanuni şəkildə fəaliyyət göstərən, dövlətə icarə haqqı ödəyən media qurumları və QHT-lər öz işlərini davam etdirəcəklər.
İnanıram ki, Azərbaycan Nəşriyyatı yenidən 1978-ci ildəki yaradıcı ruhunu, intellektual mühitini və tarixi missiyasını bərpa edəcək. Yeni ideyalarla, sağlam düşüncə ilə çalışan QHT-lər, qəzet və mətbuat nümayəndələri bu binada yenidən öz layiqli yerlərini tapacaqlar.
Rasim Məmmədov
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM)
və Sabitlik və İnkişaf Mərkəzinin (SİM) rəhbəri








