Aksiya iştirakçısı: Yol açıqdır, mülki avtomobillər, humanitar yüklər, təcili tibbi yardım maşınları buradan maneəsiz keçə bilər

0
181

“Aksiyamızın məqsədi ekoloji terrorun, qızıl, mis yataqlarının qanunsuz istismarının aradan qaldırılması, bizim ekoloqların orada monitorinq aparmasına imkan yaradılmasıdır”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova deyib.

M. Hüseynova aksiya iştirakçılarının Laçın yolunu bağlaması barədə səsləndirilən ittihamları rədd edib: “Bizim humanitar dəhliz adlandırılan Laçın yolunu bağladığımızı iddia edirlər. Lakin bu ittihamlar absurddur. Yol tamamilə açıqdır. Hətta çadırlarımız belə yolun kənarındadır. Rusiya sülhməramlıları isə yolda modul tipli yataqxanalar, konteynerlər quraşdırıb, yolu dəmir arakəsmələr, zirehli maşınlar, canlı qüvvə ilə kəsiblər. Dəhliz Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanılıb. Onlar görüntülər çəkərək, guya bizim dəhlizi bağladığımızı yalandan tirajlayırlar. Bu, tamamilə yanlışdır. Biz hətta KİV və sosial şəbəkələr vasitəsilə müraciət edərək mesajlarımızı çatdırmışıq. Qeyd etmişik ki, Xankəndidə yaşayan erməni əhalinin mülki avtomobilləri, humanitar yüklər, təcili tibbi yardım maşınları buradan heç bir maneəsiz, rahat keçə bilər. Onlara yol verməyə hazırıq. Bu səbəbdən yalan-yanlış məlumatlar yaymasınlar. Bizim aksiyamız siyasi məqsəd daşımır. Biz, sadəcə, Azərbaycana məxsus təbii sərvətlərimizi qorumaq, onların talanmasının qarşısını almaq, ərazidə monitorinq aparmaq istəyirik”.

M. Hüseynova deyib ki, işğaldan azad olunan digər ərazilərdə də monitorinqlər keçiriblər: “Lakin sözügedən yataqlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarət ərazisində yerləşdiyindən biz onların komandanı general Volkovla görüşmək istəyirik. Volkov isə bu qədər insana, özünə və vəzifəsinə hörmət qoymur”.