ABŞ mətbuatından qorxulu İstanbul ssenarisi – Ayasofya çökə bilər

İddialara görə, İstanbul yaxın illərdə baş verə biləcək dağıdıcı zəlzələ riski ilə üz-üzədir. Bu isə təkcə müasir binaların deyil, min illik tarixi bir mirasın da məhvinə səbəb ola bilər.

Bu barədə “Washington Post” qəzeti yazıb.

Məlumata görə, mütəxəssislər 7 və ya daha böyük bal gücündə zəlzələnin İstanbulda baş verməsinin artıq bir zaman məsələsi olduğuna dair xəbərdarlıq ediblər. Bu ssenari milyonlarla insanın həyatını təhlükə altına almaqla yanaşı, bəşəriyyətin ən nadir tarixi irslərini də yerlə-yeksan edə bilər.

Mütəxəssislər bildirirlər ki, 1500 illik tarixi abidə olan Ayasofya məscidi keçmişdə bir çox zəlzələlərə dözümlü olsa da, növbəti böyük təkan onu tamamilə məhv edə bilər.

Geofizik Tomas L.Prattın sözlərinə görə, Ayasofya kimi ağır strukturlara seysmik izolyatorların yerləşdirilməsi texniki baxımdan demək olar ki, mükünsüzdür. Bu isə binanı daha da həssas vəziyyətə salır.

Təhlükə sadəcə Ayasofya ilə məhdudlaşmır. Məlumata görə, Yerebatan Sarnıcı da zəlzələ zamanı torpağın mayeləşməsi nəticəsində çökmə riski ilə üzləşə bilər. Eyni zamanda, Çinili Hamam kimi Osmanlı dövründən qalan digər tarixi tikililər də risk altındadır.

Ekspertlər böyük İstanbul zəlzələsinin qaçılmaz olduğunu bildirirlər. Onların sözlərinə görə, hazırlıq görülmədiyi təqdirdə fəlakətin miqyası gözləniləndən də böyük olacaq.