ABŞ İrana qarşı çıxılmaz vəziyyətdə – Pentaqon qeyri-adi planlar axtarır

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqə cavabdeh olan Mərkəzi Komandanlığı (CENTCOM) İrana təzyiq göstərmək üçün yeni və qeyri-adi üsulların hazırlanmasına başlayıb. 

Bu barədə CNN məlumatlı mənbələrə istinadən bildirib.

Məlumata görə, CENTCOM-un kəşfiyyat bölməsi əməkdaşlarına göndərdiyi xidməti məktubda Tehrana təsir göstərmək üçün indiyədək nəzərdən keçirilməmiş, yaradıcı və innovativ təkliflər hazırlamağı tapşırıb.

Müşahidəçilərin fikrincə, bu addım Vaşinqtonun İrana qarşı istifadə edə biləcəyi ənənəvi təzyiq vasitələrinin xeyli məhdudlaşdığını göstərir. Bildirilir ki, əvvəl tətbiq edilən ssenarilərin bir hissəsi artıq siyasi və ya praktiki baxımdan məqsədəuyğun hesab edilmir.

“Fox News”un mənbələrindən biri də təsdiqləyib ki, CENTCOM istənilən yeni ideyanı nəzərdən keçirməyə hazırdır və hərbi rəhbərlik İrana münasibətdə mövcud strategiyanın köklü şəkildə yenilənməsinə ehtiyac olduğunu düşünür.

Bu fonda ABŞ prezidenti Donald Tramp avqustun 3-də İranla sülh danışıqlarına başlamaq niyyətində olduğunu açıqlayıb. O, “Truth Social” platformasında paylaşdığı mesajda Tehranın və Yaxın Şərqdəki bəzi ölkələrin xahişini nəzərə alaraq İrana qarşı planlaşdırılan güclü zərbədən imtina etdiyini bildirib.

Trampın sözlərinə görə, tərəflər gələcək razılaşmanın əsas konturlarını artıq razılaşdırıblar. Sazişdə Hörmüz boğazında gəmiçiliyin dərhal bərpası və İranın nüvə təhlükəsinin tam aradan qaldırılması kimi məsələlərin də yer aldığı iddia olunur.