Bu sexlərdə “nehrə” və “kərə” yağı hazırlayırmışlar+ FOTO

0
853

Lənkəran, Masallı və Cəlilabad rayonlarında saxta kərə yağı istehsal edən sexlər aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Ocaqlı kəndi, Masallı rayonunun Boradigah qəsəbəsində süd qəbulu və emalı sexlərində, Masallı rayonunun Şərəfə, Viləş və Çaxırlı kəndlərində və Lənkəran şəhərinin Boladi kəndində yerləşən süd qəbulu məntəqələrində xammalın qəbulu və istehsalı sahələrində antisanitar vəziyyətin hökm sürdüyü və emal prosesində marqarin, spred kimi bitki yağlarından istifadə edilərək “nehrə yağı”, “kərə yağı” adları altında qanunsuz yollarla yağların, süd məhsullarının istehsal olunması ifşa edilib.

Araşdırmalar zamanı qəbul və istehsal müəssisələrində xammalın qəbulu, istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ tələblərin ciddi şəkildə pozulduğu müəyyən olunub.

Aşkar olunan faktlar əsasında aşağıda adları qeyd olunan istehsal və emal müəssisələri ilə bağlı qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir:

1) Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Qəniyev Fərhad Allahşükür oğluna məxsus süd qəbulu və emalı sexi

2) Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Əsgərov Zakir Vəli oğluna məxsus süd qəbulu və emalı sexi

3) Masallı rayonu, Şərəfə kəndində yerləşən Cəbrayılov Elçin Cabir oğluna məxsus süd qəbulu məntəqəsi

4) Masallı rayonu, Viləş kəndində yerləşən Məmmədov Elmidar Vaqif oğluna məxsus süd qəbulu məntəqəsi

5) Lənkəran şəhəri, Boladi kəndində yerləşən Babayev Xasay Cəbrayıl oğluna məxsus süd qəbulu məntəqəsi

6) Masallı rayonu, Çaxırlı kəndində yerləşən Qədirov Qədir Yarımşah oğluna məxsus süd qəbulu məntəqəsi.

Araşdırmalar davam etdirilir.